Zelenski xalqa müraciət edərək istefa da verə bilər
Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya lideri Vladimir Putinlə görüşü səbirsizliklə gözləyirəm. Bunu ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp deyib. Tramp qeyd edib ki, prezident Putin onunla tez zamanda görüşmək istədiyini söyləyib: "Buna görə bunu gözləməliyik və bu müharibəni bitirməliyik”. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da bildirib ki, bir neçə ölkə Moskvaya Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Trampın mümkün görüşü üçün öz məkanlarını təklif edib: "Nə qədər qəribə də olsa, biz artıq müxtəlif ölkələrdən bununla bağlı bir neçə təklif almışıq. Hadisələrin mümkün və ya qeyri-mümkün inkişafını əvvəlcədən təxmin etməmək üçün onların adlarını deməyəcəyəm. Amma belə təklif olub və indi də var”.
AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli "Şərq"ə deyib ki, ABŞ prezidentinin Rusiya rəhbəri V.Putinlə görüşəcəyi və belə bir niyyətdə olması ilə bağlı təəccüblü nəsə yoxdur. Ekspertin sözlərinə görə, liderlərin hansısa formada görüşü, təması mümkün olsa belə ciddi nəticə verib-verməyəcəyi ehtimalı dəyərləndirilməlidir:
"Rusiyanın yeni Konstitusiyasına görə, Ukraynanın hazırda beynəlxalq hüquqla tanınmış 4 bölgəsi Rusiyanın sayılır. Ancaq Rusiya sözügedən 4 vilayəti hələ də nəzarətə ala bilməyib. Məsələn, Xerson vilayəti mərkəzi Xerson şəhəri ilə birlikdə Ukraynanın nəzarətindədir. Rusiya hərbçiləri oradan çıxmağa məcbur olub. Putin deyir ki, heç bir atəşkəsdən söhbət gedə bilməz. Yəni dondurulmuş vəziyyət olmayacaq. Rusiya lideri özünü qalib görür və onun dediklərinin gec-tez olacağını iddia edir. Kiyev isə tələb edir ki, ruslar tutduqları bütün ərazilərdən çıxmalıdır. Belə vəziyyətdə Trampın tələb etdiyi müharibənin dayanması, münaqişənin dondurulmasıdır. Yəni ABŞ Ukraynanın ərazi bütövlüyünü tanıyacaq, amma həmin torpaqlarda ruslar qalacaq. Moskva isə bununla razılaşmır. Vəziyyət hazırda elə həddədir ki, tərəflərdən heç biri geri çəkilmək istəmir. Düzdür, proseslərin gedişatı göstərir ki, V.Zelenski geri çəkilməyə məcbur qalacaq, çünki Rusiya üstünlüyü ələ almaqdadır. Rusiya yavaş da olsa Donbasda irəliləyir. Belə halda Zelenski xalqa müraciət edərək istefa da verə bilər. Yeni hakimiyyət Putin və Trampla masaya otura bilər. Vəziyyət bu qədər kritik və düyünlüdür".