“Gürcüstan həm regional, həm də beynəlxalq səviyyədə sülhə, sabitliyə və konstruktiv dialoqa sadiq qalır”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Antalyada keçirilən COP31 konfransında çıxışı zamanı deyib.
O, Gürcüstanın beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq etməyə, ekoloji dayanıqlılığa və ətraf mühitin yaxşılaşdırılmasına yönəlmiş bütün qlobal təşəbbüslərə töhfə verməyə hazır olduğunu bir daha vurğulayıb.
“Yalnız birgə, koordinasiyalı və məsuliyyətli addımlar vasitəsilə biz daha güclü cəmiyyətlər, dayanıqlı iqtisadiyyatlar və uşaqlarımız üçün təhlükəsiz gələcək qura bilərik", - deyə dövlət başçısı əlavə edib.
Mixeil Kavelaşvili iqlim dəyişikliyini müasir dünyanın üzləşdiyi əsas çağırışlardan biri kimi vurğulayıb, onun beynəlxalq təhlükəsizlik, iqtisadi sabitlik, həmçinin enerji və ərzaq təhlükəsizliyi ilə birbaşa əlaqəli olduğunu deyib.
O, COP31-in yüksək səviyyədə təşkilinə görə Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə hökumətinə təşəkkürünü bildirib.