Növbəti müharibədə İran daha ağır zərbələr endirəcək - ŞƏRH

  • ABŞ və İsrail yenidən hücuma keçsə, müharibə Körfəzə sıçrayacaq
  • Bu dəfə tərəflər bir-birini sıradan çıxarmağa çalışacaq

ABŞ Prezidenti Donald Trampın İranla mümkün müharibə və Vaşinqtonun Tehrana qarşı növbəti addımları ilə bağlı ziddiyyətli açıqlamaları Yaxın Şərqdə qeyri-müəyyənliyi daha da artırır. Ağ Evin diplomatik həll imkanlarına dair mesajları fonunda İsrailin hərbi potensialını gücləndirməsi və İranla yeni qarşıdurmaya hazırlıq görməsi regionda hərbi eskalasiya riskinin hələ də yüksək olduğunu göstərir. Təl-Əvivdə hesab edirlər ki, əvvəlki toqquşmalar tərəflərin hərbi strategiyalarına ciddi təsir edib və mümkün yeni müharibə əvvəlkilərdən fərqli ssenari üzrə inkişaf edə bilər. Xüsusilə İranın raket arsenalına və hava hücumundan müdafiə sistemlərinə daha çox üstünlük verməsi İsrailin hərbi planlarını yenidən nəzərdən keçirməsinə səbəb olur. Digər tərəfdən, İsrail mümkün qarşıdurmanın qısa müddətdə və yüksək intensivliklə aparılmasına çalışsa da, müharibənin regional müstəviyə keçməsi və uzunmüddətli xarakter alması ehtimalını da istisna etmir. Bütün bunların fonunda İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının taleyi əsas mübahisə predmetlərindən biri olaraq qalır. İsrail həmin ehtiyatlar İranın nəzarətində olduğu müddətdə nüvə təhlükəsinin aradan qalxmadığını bəyan edir. Beləliklə, tərəflərin hərbi hazırlıqları, nüvə məsələsində mövqelərin kəskin fərqlənməsi və ABŞ administrasiyasının qeyri-müəyyən siyasəti regionu yeni təhlükəsizlik böhranı ilə üz-üzə qoya bilər. Bəs İsrailin hərbi hazırlıqları İranla yeni müharibənin qaçılmaz olduğuna işarədir, yoxsa bu, Tehranı güzəştlərə məcbur etmək məqsədi daşıyan strateji təzyiq vasitəsidir? 

Hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a bildirb ki, İran əvvəlki əməliyyatlardan lazımi nəticələr çıxarıb və yeni hazırlıqlarını da həmin əməliyyatların nəticələri əsasında davam etdirir:

“Amma ABŞ və İsrail də nəticələr çıxarıb. Onlar da İranın hansı sahələrdə üstün olduğunu və yaxud hansı sahələrdə boşluqlarının olduğunu əvvəlki əməliyyatlar zamanı artıq görüblər. Faktiki olaraq, bu barədə məlumatlar toplanılıb və bütün məsələlər də bunun üzərindən işlənilir. İndi burada qəribə bir məqam var. Hər iki tərəf ilk müharibədən nə qalib çıxıb, nə də məğlub. Hər iki tərəf ilk qarşıdurmalardan sonra müəyyən mənada zərbələr alıb. İnfrastruktur baxımından İranın aldığı zərbələr daha çoxdur. Ancaq strateji baxımdan yanaşdıqda isə tərəflərin, mən deyərdim ki, eyni dərəcədə zərbələr aldığını görürük. Məsələn, İran ciddi qazanclardan məhrum olub, onun enerji ixracı əvvəlki ilə müqayisədə xeyli aşağı səviyyəyə düşüb və qiymətlər də azalıb. Bu o deməkdir ki, İran büdcəsi əvvəlkinə nisbətən daha az gəlir əldə edir. Eyni zamanda İranla əməkdaşlıq etmək istəyən tərəflərin sayı da əhəmiyyətli dərəcədə azalıb. Bununla yanaşı, İsrailin Hayfa kimi önəmli limanına, şəhərinə, çox vacib strateji və araşdırma mərkəzlərinə, eləcə də digər infrastruktur obyektlərinə zərbələr dəyib. Digər tərəfdən İran ABŞ-ın regiondakı müttəfiqlərinə zərbələr endirdi və bu, həmin ölkələrlə Vaşinqton arasında müəyyən fikir ayrılıqlarının yaranmasına səbəb oldu. Ümumiyyətlə, ABŞ qarşıya qoyduğu məqsədlərə tam mənada nail ola bilmədi ki, bu da onun beynəlxalq nüfuzuna, təbii ki, zərbə endirir. Bax, ona görə də həqiqətən də hərbi eskalasiyanın növbəti mərhələsi başlayacaqsa, bu, əvvəlkindən xeyli fərqlənməlidir. Çünki ABŞ nüfuzunu bərpa etmək, İsrail isə təhlükə adlandırdığı İranı sıradan çıxarmaq istəyir. Eyni zamanda ABŞ da bu məqsəddən çıxış edir”.

Analitik qeyd edib ki, İran isə daha ağır zərbələr endirməlidir ki, İsrail və ABŞ bir daha ona zərbə endirmək cəsarətini tapa bilməsinlər:

“Yəni, elə zərbə endirilməlidir ki, İranın təslim olması ilə bağlı onların ümidləri artıq sona çatsın, tamamilə bitsin. Beləliklə, İran xarici təhlükə riskini bugünkündən daha aşağı səviyyəyə endirə bilsin. Bütün bunlar növbəti qarşıdurmaların daha ağır, daha çətin olacağına və tərəflərin bir-birini sıradan çıxarmaq məqsədini ön plana çəkəcəyinə əsas verir. İranın raket potensialı və hava hücumundan müdafiə sistemlərinə gəlincə, əlbəttə ki, İsrail və ABŞ əllərində olan bütün imkanlarla hücum edərlərsə, İranın hava qüvvələri və hava hücumundan müdafiə sistemləri bunun qarşısını tam mənada ala bilməyəcək. İran ərazisində çox ciddi infrastruktur obyektlərinə zərbələr endirilməsinin şahidi olacağıq. Amma bu, İranın təslim olması anlamına gələcəkmi? Mənə elə gəlir ki, xeyr. Çünki bundan əvvəlki qarşıdurmada da İrana çox ciddi zərbələr endirilmişdi, onun hərbi və hərbi olmayan digər strateji infrastrukturuna ağır zərbələr dəymişdi. Amma hakimiyyət təslim olmadı. Hətta ali dini lider Xamenei və digər yüksək rütbəli generallar öldürüldü, yenə də təslim aktına rast gəlmədik. Amma İran əlində olan və daha da gücləndirdiyini iddia etdiyi imkanlarla İsrailin özünə, ABŞ-ın isə bölgədəki hərbi bazalarına və yaxud müttəfiq ölkələrin ərazilərindəki strateji nöqtələrə zərbələr endirməklə bir növ qarşı tərəfi çəkinməyə məcbur edə bilər. İndi bu raket imkanları nə qədər genişləndirilir, əvvəlkindən çoxmu fərqlidir, yoxsa fərqlər azdırmı, bunu, təbii ki, əməliyyatlar zamanı görəcəyik. Amma əgər həqiqətən də iddia etdikləri qədər ciddi fərqlər mövcuddursa, onda İran özü də ABŞ və İsrail üçün ciddi nəticələr doğuracaq zərbələr endirə bilər”.

Ekspert vurğulayıb ki, regional müharibə riski hər zaman var:

“Yaxın Şərqdə hələ daşlar yerinə oturmayıb, qeyri-müəyyən vəziyyət hökm sürür. İran məsələsi ətrafında da vəziyyət belədir, İraq və Suriya məsələlərində də. İsrailin özünün xarici siyasəti və genişlənmə siyasəti ilə bağlı da bu, bir risk kimi qarşımıza çıxır. Ancaq belə böyükmiqyaslı zərbələr və yeni dağıdıcı müharibə başlayarsa, hətta canlı qüvvə ilə müdaxilə ehtimalları da yaranarsa, onda bu müharibənin ən azı İraqa sıçraması, Körfəzdə donanmaların qarşıdurmasına gətirib çıxarması mümkündür. Bütün bunlar isə, əlbəttə ki, müharibənin miqyasını, dağıntıları və tələfatı daha da artıracaq”.