Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər

  • Sperma keyfiyyətini və istehsalını pozur

Nəzarətsiz şəkərli diabet kişilərdə sperma istehsalına, keyfiyyətinə və hormonal tarazlığa mənfi təsir göstərərək sonsuzluq riskini artıra bilər.

Sherg.az xəbər verir ki, uroloq, professor Bülent Erol diabetin boşalma və ereksiya problemlərinə də yol aça biləcəyini bildirib.

Həkimin sözlərinə görə, yüksək qan şəkəri spermanın sidik kisəsinə keçməsinə, spermatozoidlərin sayının, hərəkətliliyinin və quruluşunun pozulmasına səbəb ola bilər. Xəstəlik testosteron səviyyəsinə də mənfi təsir göstərə bilər.

Professor qeyd edib ki, qan şəkərinin nəzarətdə saxlanılması, düzgün müalicə və sağlam həyat tərzi reproduktiv problemlərin azalmasına kömək edir. İnsulin və digər dərmanların düzgün istifadəsi də bu baxımdan əhəmiyyətlidir.

Erol bildirib ki, sperma analizi, hormon müayinələri və ultrasəs vasitəsilə problemin səbəbi müəyyənləşdirilərək uyğun müalicə seçilə bilər. Hətta bəzi hallarda sperma hüceyrələrinin olmadığı azospermiya diaqnozu qoyulan kişilərdə də müasir tibbi üsullarla süni mayalanma mümkündür.

Həkim uşaq sahibi olmaq istəyən kişilərə sağlam qidalanmağı, çəkilərinə nəzarət etməyi, müntəzəm hərəkət etməyi, siqaret və alkoqoldan uzaq durmağı tövsiyə edib.