Moskvanın dili ilə danışanlar Ukraynanın Azərbaycana dəstəyini neytrallaşdırmaq istəyirlər
Xarici İşlər Nazirliyi bəzi xəbər agentlikləri tərəfindən guya ki, Ukrayna muzdlularının Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycan tərəfindən vuruşduqları barədə yayılan xəbərlərə münasibət bildirib. XİN-in Mətbuat Xidməti idarəsinin rəhbəri Leyla Abdullayevanın sözlərinə görə, bu barədə yazılanların heç bir əsası yoxdur və tamamilə dezinformasiya xarakteri daşıyır:
“Azərbaycanın kifayət qədər güclü və peşəkar ordusu var və ölkəmizin düşmən qüvvələrinin hərbi təxribatlarının qarşısını almağa, eləcə də beynəlxalq tanınmış sərhədlərimiz çərçivəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə heç bir kənar qüvvəyə ehtiyacı yoxdur. Məlum olduğu kimi, Ermənistan Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasəti çərçivəsində Yaxın Şərq bölgəsindən muzdluları cəlb edib və görünür, mənfur düşmən qüvvələri öz əməllərindən diqqəti yayındırmaq məqsədilə bu kimi dezinformasiyaların yayılmasının arxasında dururlar”.
Politoloq Məhəmməd Əsədullazadə isə məsələ ilə bağlı "Şərq"ə açıqlamasında deyib ki, Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılar Ukraynanın Azərbaycana millətçilərdən ibarət silahlı dəstələr göndərməsi barədə açıqlama verir:
"Əlbəttə ki, bu, təxribat xarakterlidir. Ukraynanın Azərbaycana tam dəstəyi, görünür, Rusiya və Ermənistanı ciddi narahat edir. Bununla onlar, bu kimi təxribatlara əl atmaqla yeni plan həyata keçirə bilərlər. Bu plan əsasən, Rusiya dəstəkli "Luqansk Respublikasinda" qeyri-qanuni silahlı dəstələrin Qarabağa və sərhədə göndərilməsinə hesablanır. Luqansk separatçılarının bu açıqlamasının pərdə arxası bundan ibarətdir. Həmçinin Qarabağdakı işğalçı rejimə "Luqansk" qondarma rejimin köməyi kimi xarakterizə edilər. Qeyd edim ki, separatçılar arasında "əməkdaşlıq" formatı var. Bu əməkdaşlıq Moskvadan idarə edilir. Azərbaycan bu məsələdə diqqətli olmalıdır. Prosesləri diqqətə almalı, Luqansk separatçıların açıqlamalarını qəribsəməməlidir. Çünki bunlar Moskvanın dili ilə danışır. Ermənilər çalışırlar ki, belə bir rəy yaratsınlar, guya Azərbaycan ordusu zəifdir.Amma Azərbaycan ordusunun vurduğu zərbə onları pat vəziyyətə salıb".
Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev isə birinci Qarabağ savaşında Ermənistanın məhz xarici dəstəyin hesabına torpaqlarımızın işğalını gerçəkləşdirdiyini xatırladıb:
"Əgər həmin vaxt biz atəşkəsə razılıq verməsək, torpaqlarımızın daha böyük hissələrini itirmək təhlükəsi ilə üzləşə bilərdik. Artıq hadisələrin üstündən 30 il zaman keçib və Azərbaycan öz dayanıqlı siyasəti ilə dünyada rəğbət qazana bilib. Ermənistan isə əksinə, çox ciddi geriləyib. Onların daim provakativ və isterik siyasəti artıq işə yaramır.
Tovuz hadisələri də eyni senari üzrə planlaşdırılsa da iflasa uğradı. Azərbaycanın haqq işində bizi dəstəkləyən dövlətlərin sayı artmaqda davam edir. ABŞ və Avropa Birliyi ölkələrindən ərazi bütövlüyümüzü dəstəkləyən qətnamələr və qərarlar bir-birini əvəz edir.
Həm 2016-cı il aprel döyüşləri ərəfəsində, həm də sonuncu erməni provakasiyası zamanı Azərbaycan bir çox nüfuzlu ölkələrdən, Türkiyə, Pakistan, İsrail və Almaniyadan ciddi siyasi dəstək ala bildi. Son hadisələrlə bağlı olaraq Ermənistan KTMT –dən hərbi-syasi dəstək istəməsinə baxmayaraq Belarus, Qazaxıstan və Qırğızıstan onu dəstəkləmədi. Ukraynanın Azərbaycana dəstək bəyanatı isə erməniləri şok vəziyyətinə saldı".
Politoloqun sözlərinə görə, bu cür dezinformasiyalarla ermənilərin Ukraynaya qarşı kampaniya aparması gələcəkdə onu neytrallaşdırmaq məqsədi güdür: "Türkiyə və İsrailin də eynilə bizə dəstək bəyanatları ilə çıxış etməsinə baxmayaraq məhz Ukraynanın hədəfə alınması Rusiyanın göstərişi ola bilər. Diqqət yetirsəniz, son günlər Rusiya telekanalları vasitəsilə Ukraynaya qarşı antireklam verilişləri yenidən vüsət alıb".