“Gürcü Arzusu” yeni prezidentini seçməyə çalışır

Zurabişvilinin prezidentliyi davam edərsə, ölkədə ciddi siyasi böhran, hətta vətəndaş müharibəsi yarana bilər


  “Gürcüstan prezidentinin seçilməsi üçün Seçkilər Kollegiyası seçkilərin vaxtı müəyyən edildikdən sonra - gələn həftə Mərkəzi Seçki Komissiyası tərəfindən formalaşacaq”. Bu barədə  Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili  məlumat verib.
 Salome Zurabişvilinin Gürcüstanın birbaşa səsvermə yolu ilə seçilən sonuncu prezidenti olduğunu xatırladan parlament sədri qeyd edib ki, Mərkəzi Seçki Komissiyası prezidentin seçilməsi üçün tarix təyin etdikdən sonra 300 üzvdən ibarət seçki kollegiyası formalaşdırır:  Konstitusiyaya görə, Gürcüstanda prezident seçkiləri oktyabr ayında keçirilir, lakin seçki tarixi parlament seçkiləri ayına təsadüf edərsə, prezident seçkiləri yeni seçilmiş parlamentin ilk iclasından sonra 45 gün ərzində keçirilir. Noyabrın 25-də 11-ci çağırış parlamentin ilk iclası keçiriləcək. Növbəti prezident Seçicilər Kollegiyası tərəfindən seçiləcək. Seçki hüququna malik, yaşı 40-dan yuxarı olan və ən azı 15 il Gürcüstanda yaşayan Gürcüstan vətəndaşı prezident seçilə bilər. Gürcüstanda prezident seçkiləri parlament binasında keçirilir. Seçicilər Kollegiyasının ən azı 30 üzvü Gürcüstan prezidentliyinə namizəd irəli sürmək hüququna malikdir. Kollegiyanın bir üzvü yalnız bir namizədin irəli sürülməsini dəstəkləyə və yalnız bir namizədə səs verə bilər. Seçicilər Kollegiyasının tam tərkibinin ən azı 2/3-nin səsini toplayan namizəd seçkilərin birinci turunda seçilmiş sayılır. Gürcüstan prezidenti birinci turda seçilməsə, ikinci turda səsvermə birinci turda ən yaxşı nəticə göstərən iki namizəd arasında keçirilir. Ən çox səs toplayan namizəd ikinci turda seçilmiş sayılır. Seçki şurasının tam tərkibinin yarıdan çoxu iştirak etdikdə seçkilərin birinci və ya ikinci turu baş tutmuş sayılır. Əgər seçkilər baş tutmayıbsa və ya Seçicilər Kollegiyası Gürcüstan prezidentini seçə bilməyibsə, 30 gün ərzində Gürcüstan prezidentinin təkrar seçkiləri keçirilir. Gürcüstan prezidentinin başqa vəzifə tutmaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hər hansı digər fəaliyyətinə görə əmək haqqı və ya digər daimi mükafat almaq hüququ yoxdur. Prezident siyasi partiyanın üzvü ola bilməz”.
  Siyasi şərhçi Asif Nərimanlı “Sherg.az"a açıqlamasında deyib ki, Gürcüstanda keçiriləcək prezident seçkilərini hər şeydən əvvəl siyasi və hüquqi baxımdan qiymətləndirmək lazımdır. Ekspertin fikrincə, hazırkı Prezident  Salome Zurabişvilinin mövqeyi hakim “Gürcü Arzusu” Partiyası ilə ziddiyyət təşkil etdiyi üçün yeni hökumətin  onunla işləməsi mümkün görünmür:

“Əgər Zurabişvilinin prezidentliyi davam edərsə, ölkədə ciddi siyasi böhran, hətta vətəndaş müharibəsi yarana bilər. Bu səbəbdən hakim partiya üzvləri maksimum dərəcədə yeni prezident seçməyə çalışacaqlar. Konkret adlar çəkmək çətin olsa da, bu şəxsin “Gürcü Arzusu” Partiyasının təmsilçisi  olacağını istisna etmirəm. Zənnimcə, indiki məqamda əsas diqqət  kimin prezident seçiləcəyi yox, məhz Zurabişvilinin yeidən seçilməməsi üzərinə cəmləşib. Ölkənin idarəetməsinə kənar müdaxilənin qarşısının alınması üçün hakim partiyanın qarşısında duran əsas məhz budur”. 
  Prosesin hüquqi tərəfinə gəldikdə isə siyasi şərhçi qeyd edib ki, ilk dəfə olaraq Gürcüstan prezidentini xalq seçməyəcək. Onu 300 nəfərlik Seçicilər Kollegiyası müəyyən edəcək. Seçicilər Kollegiyasına 150 parlament üzvü, Abxaziyanın Muxtar Respublikasının Ali Şurasının 20 üzvü, Acarıstan Muxtar Respublikasının Ali Şurasının 21 üzvü və coğrafi təmsilçilik prinsipi ilə yerli özünüidarəetmə seçkilərinin nəticələrinə uyğun olaraq müəyyən edilən nisbətə əsasən 109 yerli özünüidarəetmə nümayəndəsi daxildir. Mərkəzi Seçki Komissiyası (MSK) bu nisbəti də müəyyən edəcək”.
  Salome Zurabişvilinin sona qədər mübarizə aparacağını vurğulayan A.Nərimanlının sözlərinə görə, müxalif kəsimin də əsas namizədi məhz o olacaq: “ Lakin indiki məqamda onun yenidən prezident seçilmə sansı  azdır.  150 parlament üzvününün 89 nəfəri məhz hakim partiya təmsilçisidir, mühacirətdə olan deputatların da böyük əksəriyyətinin məhz “Gürcü Arzusu” Partiyasını dəstəklədiyi haqqında məlumatlar var. Deməli, yerdə 109  nəfərlik yerli idarəetmə nümayəndələri qalır. 2021-ci ildə yerli idarəetmədə keçirilən seçkilərdə “Gürcü Arzusu” 54, müxalifət isə 55 yer  tutmuşdu. Bu  kontekstdə yanaşdıqda 54 yerli nümayəndə, 89 deputat və 20-dən çox mühacir deputatı saydıqda hakim partiyanın öz istəyinə nail olacağı  şübhə doğurmur. Lakin bu məqamda “Gürcü Arzusu”nun qalibiyyətini tanımayan müxalif deputatların parlamentdə öz vəzifələrinə başlayıb-başlamadıqları önəmli məqamdır. Müxalif deputatlar Seçicilər Kollegiyasında iştirak etməsələr, onların  yerinə yerli nümayəndələr  səs verməli olacaq ki, nəticə  etibarı ilə bu da hökumətin xeyrinə olacaq. Bu baxımdan parlament seçkilərindən sonra prezidentin kim olacağı ilə bağlı məsələ həm qərb üçün, həm də  hökumət üçün kifayət qədər həlledici amildir. Prosesin gərgin keçəcəyi gözlənilir”.