Berboklar öz məqsədlərinə çata bilmədilər

Bakıda qəbul olunan qərarlar qlobal iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi sayılır


  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)  başa çatıb. Bağlanış iclasında COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev son iki həftə ərzində tərəflərin çox gərgin işlədiyini bildirib, heç kimin Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmədiyini, dünyanın gözünün COP-a fokuslandığını deyib. O, yerdə qalan fikir ayrılıqları ilə bağlı fəal şəkildə işləməyi xahiş edib.

  Sonra çıxış edən Braziliyanın ətraf mühit naziri Marina Silva bildirib ki, ölkəsində keçiriləcək COP30 konfransı bütün ölkələr arasında möhkəmlənəcək əməkdaşlığın nümunəsi olmalıdır. O qeyd edib ki, bunun baş verməsi üçün COP29-da aparılan müzakirələr zamanı qarşılaşılan çətinliklərə baxmayaraq, yekun razılaşma əldə etməli, gücümüzü birləşdirməliyik. “Üzləşdiyimiz böhranı nəzərə alsaq, belə məsələlər təcili həll tələb edir. Bu razılaşmanın əldə olunması yalnız tərəflər arasında həmrəyliyin formalaşmasından asılıdır. Cəmiyyət bizdən yalnız məsuliyyətli addımlarla irəliləməyi tələb edir”. COP29 çərçivəsində keçirilmiş müzakirələrin hesabatları və iclasların protokolları, həmçinin razılaşdırılmış sənədlər təsdiqlənib. COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan edilməsi barədə qətnamə qəbul olunub.

  Qeyd edək ki, COP29 yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Rəsmi Bakı noyabrın 11-də start götürən və qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı toplantının dünya ölkələrinin, xüsusilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etmişdi. Azərbaycan genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksəksəviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir.

  Bütün maneçiliklərə baxmayaraq, Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 həm təşkilatçılıq, həm iştirak, həm də əldə olunan nəticələrə görə  tarixi tədbir oldu və iqlim dəyişikliyi ilə mübarizəyə önəmli töhfələri ilə yadda qalacaq. COP29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək.

  Bundan başqa, 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. Bununla bağlı razılığın əldə olunması COP29 Sədrliyinin önəm verdiyi əsas prioritet məsələlərdən biri idi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq. Digər tərəfdən, 6-cı maddə üzrə əməkdaşlıq qlobal olaraq mitiqasiya tədbirlərini, yəni emissiyaların azaldılmasını tənzimləyə biləcək. Bir ölkədə emissiyaların azaldılması hesabına karbon bazarları vasitəsilə digər dövlətdə emissiyaların çox olmasını tarazlaşdırmaq mümkün olacaq. Həmçinin bu qərarlar real, əlavə, təsdiqlənə və ölçülə bilən emissiya azalmaları və aradan qaldırılmaları vasitəsilə onların qlobal iqlim investisiyalarını təşviq etmək potensialını da ortaya çıxaracaq.

 COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi. Proqramın qəbulu üzrə danışıqlar uzun müddətdir ki, davam edirdi və COP29 Sədrliyi nəticəsində sənəd üzrə razılıq bu iqlim sammiti çərçivəsində əldə olundu.

Bütün bunlar isə onu göstərir ki, COP29 məqsədlərinə çatıb, Azərbaycan gələcək COP-ların da uğurlu olması üçün müsbət presedent yaradıb.

  Millət vəkili Sahib Alıyevin “Sherg.az"a açıqlamasına görə, Bakıda qəbul olunan qərarlar qlobal iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi sayılır:

“Bəzi qərb dairələri, xüsusən Fransa elə hesab edir ki, Azərbaycan onlara qarşı düşmənçilik siyasəti yerdir. Halbuki Azərbaycan heç  bir dövlətə qarşı belə bir siyasət aparmır, əksinə, Azərbaycana qarşı aparılan düşmən və qərəzli siyasətə qarşı əsaslandırılmış və ciddi arqumentlərə dayanan  qəti siyasət yeridir. COP29 ərəfəsində ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarında belə bir görüntü vardı ki, haylara havadarlıq edən, onları öz təsiri altında saxlamağa çalışan bu qüvvələr Azərbaycanda saxlanılan erməni cinayətkarların azadlığa buraxılmasına çalışırlar. Lakin proseslərin gedişi, xüsusən də Almaniyanın xarici işlər naziri Annalena Berbokun Bakıdakı açıqlaması göstərdi ki, hay diasporu qlobal “iqlim kuklası”nı regiona gətirməklə insan haqları məsələsindən riyakarcasına faydalanmağa çalışdılar. Bunun arxasında isə Berbokun üzərində dayandığı maliyyə məsələsi dayanırdı. Planeti çirkləndirən bu dövlətlər  iqlim maliyyəsindən imtina etmək üçün var gücləri ilə Azərbaycanın üzərinə gəldilər, COP29-un boykot edilməsi üçün əllərindən gələni etdilər. Dediyim kimi, buna nail olmaq üçün də haylardan, insan haqları, siyasi azadlıq məsələlərindən bir alət kimi istifadə etməyə başladı. Lakin COP29-un Azərbaycana minnətdarlıq qətnaməsi ilə bitməsi o deməkdir ki, Berboklar öz məqsədlərinə çata bilmədilər”.  

  Millət vəkilinin sözlərinə görə, Azərbaycan yenə də qərbdəki bəlli çevrələrin qarşı çıxmalarına, qarayaxmalarına, maneçilik törətmələrinə rəğmən bəli, COP29-u uğurla keçirdi və cənab Prezidentin təbirincə desək,  iqlim diplomatiyasında dönüş nöqtəsi baş verdi: “Əslində, burada iqlimdən də çox maliyyə öhdəliklərindən söhbət gedir ki, böyük dövlətlərin əksəriyyətinin bu məsələdə necə simiclik etdikləri kimsəyə sirr deyil. Ancaq 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) haqda  razılıq onu göstərir ki, Azərbaycanın qlobal şimalla qlobal cənub arasındakı obyektiv olduğu qədər də prinsipial vasitəçiliyi öz bəhrəsini verdi.   Yəqin siz də mənimlə razılaşarsınız ki, Qafqazda sülhlə bağlı üzərlərinə vasitəçilik missiyası götürənlər, ilk növbədə də Minsk qrupunun həmsədrləri əgər Azərbaycansayağı davransaydılar, nə ikinci Qarabağ savaşına ehtiyac qalacaqdı, nə də guya havadarlıq etdikləri indiki vəziyyətə düşəcəkdi”.