Dehli Azərbaycana problemlər yaratmağa calışır
Hindistan Ermənistana “Pinaka” reaktiv yaylım atəşi sistemlərini tədarük etməyə başlayıb. Bu barədə həm Hindistan, həm də Ermənistan mediası məlumat yayıb. Həmçinin o da vurğulanıb ki, Ermənistan Müdafiə Nazirliyindən nəşrə hərbi-texniki əməkdaşlıqla bağlı hərbi sirr sayılan məlumatları paylaşmamaq çağırışı edib. Xatırladaq ki, Hindistan Ermənistana “Akash” zenit-raket kompleksinin ilk batareyasını da göndərib. “Akash” 25 km məsafədə döyüş təyyarələrini, raketləri, pilotsuz təyyarələr və digər hava aparatlarını vura bilən yer-hava raketidir. Milli Məclisin plenar iclasında çıxış edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov da Ermənistanın hərbi xərcləri artırmasına diqqət çəkib. O qeyd edib ki, işsizlik səviyyəsi 12 faizə çatan, 15 ildən çoxdur ki, kəskin demoqrafik böhran yaşayan Ermənistanda hərbi xərclərin təkcə 1 il ərzində 70 faiz, yəni kəskin artırılması militarist büdcənin bariz nümunəsidir.
Politoloq Elçin Xalidbəyli "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Hindistanın Ermənistanı silahlandırmasının əsasən iki səbəbi mövcuddur. Ekspert vurğulayıb ki, Azərbaycan bizə qardaş olan Pakistanı dəstəkləyir, onun ərazi bütövlüyünü, suverenliyini müdafiə edir. Hindistan da buna qarşılıq olaraq Pakistanla düşmən olduğuna görə Azərbaycanla düşmən olan Ermənistanı dəstəkləyir:
"Hindistan Ermənistanı silahlandırıb, Azərbaycana problem yaratmağa çalışır. İkinci səbəb isə Hindistanın hərbi sənaye kompleksinin istehsal etdiyi silah və hərbi texnikanın dünya bazarında elə bir alıcısının olmaması ilə bağlıdır. Hindistan Ermənistana silah satmaqla öz hərbi sənaye kompleksinin istehsal etdiyi hərbi texnikanın reklamını eləməyə çalışır. Yəni Ermənistanın timsalında alıcısının olduğunu gündəmə gətirməklə özünə yeni alıcılar tapmağa cəhd göstərir, dünya bazarına çıxa biləcəyinə ümid bəsləyir. Ancaq Hindistan silahlarının keyfiyyətinin ciddi şəkildə şübhə doğurması, bu silahlara etimadın olmaması, Dehliyə bu məsələdə problemlər yaradır".
Ermənistanın hərbi xərclərinin artmasına gəldikdə isə analitik qeyd edib ki, Ermənistan artıq Azərbaycanla indiki şərtlər daxilində bacara bilməyəcəyini anlayır. Ona görə də öz hərbi xərclərini artırır: "Ermənistan yenidən silahlanaraq ordusunu yenidən qurmağa cəhd göstərərək, hərbi texnika növlərinin sayını artırmaqla ümid edir ki, Cənubi Qafqazdakı geopolitik proseslərdə situasiyanı öz xeyrinə dəyişə bilər. Burada həm də Amerika Birləşmiş Ştatlarının, Avropa Birliyinin və Fransanın da dəstəyinə böyük ümidlər bəsləyir. Halbuki Ermənistana Qərbdən verilən vədlər rəsmi İrəvanın ümidlərinə cavab verəcək şəkildə icra olunmayıb, yerinə yetirilməyib. Yəni Ermənistan indiki halda əsasən Azərbaycanla hərbi-siyasi rəqabətə tab gətirməyin yollarını axtarır. Bu yollardan biri kimi də öz hərbi potensialını gücləndirmək vasitəsini seçib. İndiki situasiyada rəsmi Bakı Ermənistana dəfələrlə xəbərdarlıq edib ki, militarist siyasətini davam etdirəcəyi təqdirdə Azərbaycanla münasibətlərin normallaşdırılmasında müəyyən problemlər yarana bilər. Hətta yekun sülh sazişinin imzalanması prosesində çətinliklər yaranar. Bu baxımdan rəsmi İrəvan Azərbaycanın bu xəbərdarlıqlarını nəzərə almaq məcburiyyətində qala bilər".