Turizmdə ən əsas məsələ reklam və təbliğatdır

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Azərbaycan Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində yerləşdiyi üçün bu istiqamətdə bir çox işləri həyata keçirmək olar


  Qış turizmi mövsümü dekabrın 1-dən açılır. Yeni il tətilinə də təxminən bir aya yaxın  vaxt qalıb. Bayram günlərində xidmət sahələrində qiymətlər bahalaşır və yerlər dolur deyə, istirahət planı quran insanlar indidən turistik səfər edəcəkləri yerlərin siyahısını tutmağa başlayıb. Hətta  bəzi  ailələr artıq seçim edəcəyi ölkəni və ya bölgəni müəyyənləşdirərək  rezerv ediblər. 

Qeyd edək ki, hazırda  qış turizmi dünyada sürətlə inkişaf edən sahələrdən biridir.  Bu sahə bir çox ölkə üçün biznes mahiyyəti daşıyır və dövlət büdcəsinə önəmli dərəcədə müsbət təsir göstərir.  Amma Azərbaycanda qış turizmi tam inkişaf etməyib. Qonşu ölkələrlə müqayisə etdikdə, Respublikamızda bu sektorun necə axsadığını müşahidə edə bilərik. Çox güman ki, vətəndaşlarımızın əksəriyyəti  bu mövsüm də istirahət üçün xarici ölkələrə üz tutacaq. 

Əvvəla onu deyək ki, regionlarda turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi bu gün Azərbaycanda qarşıda duran ən mühüm vəzifələrdən biridir. Azərbaycanda turizmin inkişafına dair dövlət proqramının həyata keçirilməsi nəticəsində bu sahədə mühüm işlər görülüb. Eyni zamanda beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulub, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlib. Müəyyən bölgələrdə müasir yollar çəkilib, yeni turizm sahələri, istirahət mərkəzləri  yaradılıb. Turizmin inkişafı baxımından əlverişli şəraitə malik ölkəmizdə, xüsusilə Qusar, Qəbələ, Göygöl və Gədəbəydə yaradılan istirahət guşələri göstərir ki,  Azərbaycan qış turizminin təşkili baxımından hər cür imkanın olduğu ölkələrdəndir. Son illər respublikamızda fəaliyyət göstərən turizm şirkətləri respublikamızın füsunkar bölgələrinə səyahətləri tur paketlər vasitəsilə təşkil edirlər. Azərbaycanda qış turizminin, eləcə də digər turizm növlərinin coğrafiyasını  genişləndirmək istiqamətində 30 illik erməni işğalından azad edilmiş Qarabağ və ətraf rayonlarda da imkanlar istənilən qədərdir. İlin dörd fəslində füsunkar təbiəti ilə qonaqları heyran edən, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan Qarabağ artıq yağı tapdağından azad edilib. Ekspertlərin fikrincə, yaxın illərdə bu bölgə ölkəmizdə turizmin inkişafına güclü təkan verəcək. 

  Dövlət Turizm Agentliyi tərəfindən də zaman-zaman regionlarda turizm sənayesi nümayəndələrinin rəqəmsal bacarıqlarının artırılması və aqroturizm subyektlərinin inkişaf etdirilməsi məqsədilə  təlimlər keçirilir. Agentlikdən bildirilib ki,  bu günlərdə başa çatan təlimlər mədəniyyət və yaradıcı sənaye nümayəndələri, qonaq evi sahibləri, aqroturizm subyektləri və digər istiqamətlərdən olan şəxsləri əhatə edib. Gəncə, Şəki, İsmayıllı, Mingəçevir, Quba və Lənkəran rayonlarında keçirilən təlimlərə 9 bölgədən 226 iştirakçı qatılıb.

Proses 6 modulu əhatə etməklə təcrübəli mentorlar tərəfindən interaktiv və yenilikçi metodlarla icra edilib.

  İştirakçılar bazar mövqeyinin gücləndirilməsi, rəqəmsal platformalarda peşəkar fəaliyyət, turist məmnunluğunun artırılması məqsədilə ünsiyyət bacarıqlarının inkişafı, aqroturizmlə məşğul olan və bu sahəyə marağı olan şəxslər üçün biznesin təşkil edilməsi standartları kimi mövzularla bağlı bilgiləri mənimsəyiblər.

Maarifləndirmə proqramı Dövlət Turizm Agentliyi tərəfindən əvvəlki dövrlərdə aparılmış araşdırmalar və ehtiyac qiymətləndirməsi əsasında hazırlanan hesabatlar əsasında icra olunub.

  Ekspertlər isə hesab edir ki, turizm bazarının inkişaf etdirilməsi üçün regional iqtisadi inteqrasiya layihələrinin ölkəmizdə reallaşdırılmasına ehtiyac var.  Biz qonşu dövlətlərə iqtisadi əməkdaşlığımızı dərinləşdirsək, oradan gələ biləcək turistlərin axınını eyni dərəcədə sürətləndirərik. Bu həm sənədləşmə ilə bağlı olan məsələlərin sadələşdirilməsinə şərait yaradacaq, həm də əlavə xərclərin turistlər tərəfindən ödənilməməsi Azərbaycan turizm bazarında onlar üçün daha əlverişli şərait yarada bilər.

  İqtisadçı-ekspert Asif İbrahimlinin sözlərinə görə,  Azərbaycanda qış turizmi dedikdə, ilk növbədə, şimal bölgəmizdə yerləşən bəzi istirahət bölgələri ağlımıza gəlir: “Ondan başqa da ağlımıza heç nə gəlmir. Ancaq düşünürəm ki, Azərbaycanın əlverişli təbiəti, coğrafi quruluşu buna imkan verir. 

Bildiyiniz kimi, Azərbaycan Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində yerləşdiyi üçün bu istiqamətdə bir çox işləri həyata keçirmək olar. Ona görə də rəqabətli mühit yaratmaq lazımdır, eləcə də yerli və xarici investorların bu sahəyə təşviqi həyata keçirilməlidir, nəinki indiki ənənəvi şəkildə. Məsələn, hazırda hansı qaydada gedir? Haradasa bir hotelim olsun və s. Bu tendensiya ilə yox, əksinə, sırf rəqabətli bir mühit yaradılmalıdır və xüsusilə turizmin bu sahədə bir neçə bölmələri inkişaf etdirilməlidir. Çünki hər bir sahənin doyumluluq gücü var. Ona görə də kənardan gələn xarici turistlərdə buna maraq yaradaraq qış turizmini inkişaf etdirə bilərik”. 

  Ekspert vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərimizdə relyefə uyğun olaraq zəngin turizm potensialı var. Onun sözlərinə görə,  ermənilər Qarabağ bölgəsində 30 il ərzində təbii sərvətlərimizi talan etməklə yanaşı ərazidən turistik bölgə kimi də istifadə ediblər: “Qarabağ və Şərqi Zəngəzurda kifayət qədər əlverişli şərait mövcuddur. Lakin ilk növbədə orada ərazilər minalardan təmizlənməli, infrastruktur orada inkişaf etdirilməli və bu istiqamətdə planlı-proqramlı fəaliyyət həyata keçirilməlidir. İstər yerli, istərsə də xarici turistlər, öncə keyfiyyətli və ucuz xidmətə diqqət yetirirlər. Eyni zamanda getdiyi yerlərdə istirahət etməyi düşünürlər. Məsələn, Azərbaycandakı qiymətləri müqayisə etdikdə rusiyalı bir turist Azərbaycanda Nabrandan başqa yerlərə getmir. Lakin Azərbaycanda elə yerlər var ki, dağ-dəniz-meşə üçlüyü orada mövcuddur”.

  Regionlarda turizmin inkişafının  vacib olduğunu vurğulayan iqtisadçı-ekspert Rauf Qarayev  “Sherg.az"a açıqlamasında deyib ki, rayonların inkişafında atılacaq ən vacib addımlardan biri turizm potensialı olan bölgələrdə həmin sahəyə aid olan infrasrukturun genişləndirilməsi, inkişaf etdirilməsi, yerli və xarici turistlər üçün əlçatanlığın təmin edilməsidir: “Bölgələrin turizm imkanlarının reinteqrasiyası üçün işlər sürətləndirilməlidir. Bölgələrdə turizm sektoruna daha çox sərmayənin cəlb edilməsi və rəqabətin gücləndirilməsi əsas hədəflərdən olmalıdır. Turizmin enerjidən sonra ölkəyə ən çox valyuta gətirən sektor olduğunu nəzərə alsaq, o zaman bu sahənin bölgələrin inkişafına, rayonlarda yeni iş yerlərinin yaradılmasına verəcəyi töhfəni təsəvvür etmək çətin olmaz. Onu da deyim ki, bölgələrə turist axınını çoxaltmaq üçün nəqliyyatın rolu böyükdür.  Paytaxtdan çox da uzaq olmayan, maşınla az məsafə qət edəcək yerlər daha çox turistlər üçün əlverişli hesab olunur. Lakin  turizm infrastrukturu üç-dörd bölgədən ibarət olmalı deyil. Qərb zonası var - Şəmkir, Qazax, Gəncə, bundan başqa, Qarabağ zonası. Bunlar da digər bölgələrimiz kimi münbit şəraitə malikdir”.

  Azərbaycana gələn əcnəbi turistlərin 80 faizdən çoxunun Bakıda qaldığını vurğulayan  ekspert deyib ki, turizmdə ən əsas məsələ reklam və təbliğatdır. Bu da məlumatların ötürülməsindən, çatdırılmasından ibarətdir. İnsanları cəlb etmək lazımdır. Cəlbedici təkliflər olmalıdır, turistik paketlər təqdim olunmalıdır. Sən turistə nə vəd edirsən, bax, bu, önəmlidir. Turistlər məlumatsız olduqları üçün bölgələrə gedə bilmirlər”.