Autizm pozuntusunun erkən aşkarlanması üçün dövlət proqramının qəbulu təklif edilib

Uşaqlar arasında bəzi spektrum pozuntuları var ki, onların aşkarlanması və müalicəsi ilə bağlı həm səhiyyə, həm də sosial müdafiə sahəsində xüsusi yanaşma tələb edilir.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Soltan Məmmədov deyib.

Deputat bildirib ki, bu gün hər birimizin yaxşı tanıdığı genetik və ətraf mühit faktorları ilə bağlı yaranan autizm pozuntusunun erkən aşkarlanması və sonrakı reabilitasiyası üçün dövlət proqramının qəbul olunması vacibdir: “Erkən diaqnostika, keyfiyyətli reabilitasiya uzunmüddətli perspektivdə həm dövlət büdcəsinin, həm də əhalinin maliyyə yükünün azaldılmasına xidmət edəcək. Digər tərəfdən, 2025-ci ilin dövlət büdcəsində bir sıra layihələrə ayrılan büdcənin artımı və bəzilərində isə azalmaların izahlı təqdimatı əldə olunan uğurlar və daha çox diqqət tələb edən səhiyyə məsələləri haqda məlumatlandırma üçün faydalı olardı. Bu izahatlar bir sıra xəstəliklərlə bağlı həyata keçirilən dövlət proqramları çərçivəsində nəzərdə tutulan maliyyə vəsaiti ilə xəstə saylarının artan dinamikası arasındakı uyğunsuzluqları daha aydın başa düşməyə kömək etmiş olardı”.

Soltan Məmmədov qeyd edib ki, 2025-ci ilin büdcəsində ətraf mühitin qorunması üçün hədəflər və gələcək perspektivlər üzrə tədbirlər üçün nəzərdə tutulan maliyyə vəsaitinin gələcəkdə daha da artırılması lazımdır: “Belə ki, tullantıların düzgün zərərsizləşdirilməsi, bütün ölkə ərazisində müasir texnologiyaya əsaslanan təmizləyici sistemlərin qurulması, eyni zamanda tibbi tullantıların idarə olunması üçün əlavə imkanların yaradılması çox vacibdir”.

Deputat Bakının Xəzər rayonunda çirkab suların idarə olunması üçün kanalizasiya sisteminin qurulmasına da diqqət yetirilməsini istəyib.