Seçkilərin ədalətli keçirilməsi şərtdir

Bunun üçün parlamentdə azlıqda olan partiyaların da MSK-da təmsilçiliyi mütləqdir


Mərkəzi Seçki Komissiyasının üzvlərinin səlahiyyət müddəti bitdiyindən, Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək. MSK-nın indiki tərkibinin səlahiyyət müddəti aprelin 15-də başa çatıb.

Bitərəf deputatların MSK üzvlüyünə namizədləri müəyyən edilib. Müəyyən edilən 6 şəxsin namizədliyi təsdiqlənmək üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib. Ümumiyyətlə, MSK-da təmsilçilik siyasi təşkilatlar arasında hər zaman müzakirə olunan və daha çox tənqid edilən məsələ olub. 

Parlamentdə təmsil olunan Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə “Şərq”ə bildirib ki, Mərkəzi Seçki Komissiyasında partiyaların təmsilçisinin olması seçkilərin ədalətli və şəffaf keçirilməsi üçün vacibdir. Partiya təmsilçisinin sözlərinə görə, nümayəndələr seçki məcəlləsinə uyğun olaraq qurumda təmsil olunurlar:

“Parlamentdə azlıqda olan partiyaların da MSK-da təmsilçiliyi mütləqdir. Bu, seçkilərin ədalətli keçirilməsi və prosesdə şəffaflığın təmin olunmasına gətirib çıxarır. Amma bu istiqamətdə müəyyən problemler var. Düşünürəm ki, Komissiyada say təmsilçisi artırılmalı və bir neçə nəfərlə təmsilçilik olmalıdır. Hazırda hakim partiya MSK-da daha çox üzvə malikdir. Dairələrdə sədrlik sadəcə YAP-da deyil, digər partiyalarda da olmalıdır. Milli Cəbhə Partiyası olaraq bizimlə bu haqda müzakirələr aparılmayıb”.