Ola bilər ki, Bayden Ərdoğana ciddi söz verib - SİYASİ ŞƏRH

"Bu adımın rəsmi Ankaranı nə qədər qəzəbləndirəcəyi və Kremlin əlini gücləndirəcəyi Bayden yaxşı anlayır"

ABŞ prezidenti Co Bayden 1915-ci il hadisələrini “erməni soyqırımı" kimi tanıdığını açıqladı. "Erməni soyqırımı" ifadəsini işlədən Bayden deyib: "Bu ifadəni günahlandırmaq üçün deyil, təkrarlanmasın deyə istifadə edirik".

Baydenin 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırıb,  daha sonra "Bu ifadəni günahlandırmaq üçün deyil, təkrarlanmasın deyə istifadə edirik" deməsi faktiki olaraq bu ifdəsinin mahiyyətini büsbütün dəyişir. Yəni Bayden demək istəyir ki, bəli, ermənilərə "soyqrım" edilib, lakin bu "soyqrım"ın günahkarı heç də türklər deyil. Ekspertlərə görə, Baydən ağıllı siyasətçidir. Onun ikibaşlı və çoxmənalı ifadəsi bunu bir daha sübut edir. 


Siyasi şərhçi Turan Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, Baydenin 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıması riskli, hətta təhlükəli bir addımdır.

Analitik bildirib ki, Bayden kimi təcrübəli bir siyasətçi yüz ölçüb, bir biçmədən belə bir addımı atmaz: 

"Xüsusilə də bu adımın rəsmi Ankaranı nə qədər qəzəbləndirəcəyi və Kremlin əlini gücləndirəcəyi Bayden yaxşı anlayır. Bayden 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımadan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Liderlər ikitərəfli və regional məsələlərin bütün spektrlərini müzakirə etmək üçün NATO-nun iyunda keçiriləcək sammitində şəxsən görüşməklə bağlı razılaşıblar. Maraqlı məqam budur ki, Bayden telefon danışığı zamanı qondarma soyqırımı tanıyacağını bildirməsinə rəğmən Ankara ilə bu razılıqlar əldə edilib. Bu zaman belə bir nəticəyə gəlmək olar ki, Bayden Ərdoğana ciddi nələrinsə sözünü verib. Bu söz Suriya, İraq, Şərqi Aralıq və ya Qarabağ ilə bağlı ola bilər".

T.Rzayev vurğulayıb ki, nəticə etibarilə Bayden Ərdoğana ciddi bir vəd və ya güzəşt təklif etməsəydi, Ankaranın Baydenin 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanımasına reaksiyası Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın və xarici işlər naziri Mövlud Çavuşoğlunun bəyanatları ilə məhdudlaşmazdı

"Xüsusilə də rəsmi Vaşinqtonun Ukraynanın Şərqində baş verən hadisələrə görə Ankaraya hava, su qədər ehtiyacı olduğu bir vaxtda. ABŞ prezidenti Co Bayden 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıdığını açıqlaması Türkiyə qədər Azərbaycanı da məyus etdi. Təsadüfi deyil ki, bu açıqlamanın ardınca, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Telefon danışığı əsnasında dövlət başçıları ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınadıqlarını bildirsə də düşünmürəm ki, telefon danışığının səbəbi təkçə ABŞ-ı qınamaq olsun.
Düşünürəm, Prezident İlham Əliyev Ərdoğandan Baydenlə telefon danışığının məğzini öyrənib. Diqqət etsəniz, Azərbaycan xarici işlər naziriyinin məsləyə bəyanatı da ağır motivlər ilə olmadı. Buna görə də belə bir qənaətə gəlmək olar ki, Bayden-Ərdoğan telefon danışığının təfərrüatlarını bilən 3-cü şəxs Prezident İlham Əliyevdir".