Rusiya səbrimizi sınağa çəkir 

Rus sülhməramlılarının indi də "xeyriyyəçilik" obrazında çıxış etməsi qəbul olunan deyil 

"Qarabağda hazırda erməni silahlıları da qanunsuz olaraq qalmaqdadır. Bu, Kremlin açıq siyasətidir"

Rusiya sülhməramlılarının Qarabağdakı arzuolunmaz davranışları Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olmaqdadır. Sanki səbrimizi sınağa çəkmək üçün fəaliyyət göstərən sülhməramlılar demək olar ki, hər addımda səlahiyyətini aşır, hiddət doğuran hərəkətlərə rəvac verirlər. Qanuni missiyalarından kənar davranmağı adət halına gətirmiş rus sülhməramlıları indi də “xeyriyyəçilik” obrazında çıxış edirlər. Rusiya tərəfindən verilən rəsmi məlumata əsasən, sülhməramlılar yerli əhali üçün tibbi-humanitar aksiya təşkil edərək əhaliyə 1000 kq-lıq yardım paylayıblar. Lakin ölkə ictimaiyyətinin etirazına səbəb rusların erməniləri yedirib-içirməsi deyil.

Təəssüfləndirici məqam odur ki, sülhməramlıların fəaliyyətinə cavabdeh qurum - Rusiya Müdafiə Nazirliyi də qərəzli informasiya yaymaqla məşğuldur. Rusiya Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində yazılan məlumat belədir:

“Sülhməramlılar “Dağlıq Qarabağa” daxil olan “Şaumyan” rayonunun “Aknaberd” kəndində yerli əhali üçün tibbi-humanitar aksiya təşkil edib və yerli əhaliyə 1000 kq-lıq yardım paylanılıb”. Şübhəsiz, Rusiyanın rəsmi qurumları Azərbaycanda “Şaumyan” adında rayon olmadığını, “Aknaberd” adlandırdıqları kəndin adının Umudlu olduğunu çox yaxşı bilirlər. Sözügedən ərazi əvvəlcə Ağdərə rayonunun tərkibinə daxil olub, indi də Tərtərə birləşdirilib. Bir daha xatırladaq ki, 10 noyabr üçtərəfli bəyanatına görə, sülhməramlı kontingent bölgədə hərbi əməliyyatların dayandırılmasına nəzarəti həyata keçirir. Onların işi “xeyriyyəçilik” etmək, quldur Araik Arutyunyanı Moskvaya aparıb-gətirmək, Azərbaycan torpağında 9 may paradına hazırlıq görmək deyil. 

Narazılığa səbəb olan məqamı “Şərq”ə dəyərləndirən Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri Rusiyanın qəsdən bu cür davrandığını deyib. Analitik qeyd edib ki, Moskva hələ də Qarabağda 44 günlük müharibəyə qədərki “status-kvo”nu tanımaqda davam edir:

“Bunun başqa izahı yoxdur. Müharibədən sonra Rusiya prezidenti iki dəfə ard-arda bildirdi ki, “Dağlıq Qarabağın son “statusu” müəyyənləşənədək indiki vəziyyətin qalması münasibdir”. Rusiya Müdafiə Nazirliyinin həmin açıqlaması Kremlin bu siyasətinin davamıdır. Əgər bu gün Qarabağda qondarma rejimi saxlamaq tərəfdarı olan separatçılar qalıbsa, cinayətkar Araik Arutyunyan Xankəndidə “fəaliyyət” göstərirsə, bunun səbəbi Moskvanın təminatıdır. 10 noyabr bəyannaməsinə rəğmən, Qarabağda hazırda erməni silahlıları da qanunsuz olaraq qalmaqdadır. Bu, Kremlin açıq siyasətidir. Problem ondadır ki, rus sülhməramlılarının fəaliyyəti qanunvericiliyə uyğunlaşdırılmayıb. BMT-dən verilmiş hansısa mandata sahib deyillər. Onların fəaliyyət sferası mütləq şəkildə müəyyən olunmalıdır ki, öz missiyalarından kənar hansısa addım atdıqlarında hüquqi cəhətdən ona etiraz edək”.