Paşinyan Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa edəcək

Artıq Ermənistan cəmiyyəti işğalçı beynin məhsulunu qəbul etməyəcək

Ermənistan Türkiyə ilə sərhədin açılması məsələsini gündəmdən çıxarmalıdır. Bunu Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan cümə günü keçirdiyi mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, nə respublikanın iqtisadiyyatı, nə də təhlükəsizlik sistemi sərhədlərin açılmasına hazır deyil: “Bu məsələ gündəmdən çıxarılmalı və yalnız müəyyən edilmiş problemlər həll edildikdən sonra mövzuya qayıdılmalıdır”.

Mövzuya münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi-şərhçi Tural İsmayılov "Şərq"ə açıqlamasında vurğulayıb ki, hazırda Nikol Paşinyan tərəfindən Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşması ilə bağlı mesajlar verilir:

"Çünki Paşinyan başa düşür ki, yay aylarında keçiriləcək növbədənkənar parlament seçkilərində qələbə qazandıqdan sonra Ermənistanın düçar olduğu rəzil vəziyyətdən çıxarmaq üçün beynəlxalq layihələrdə iştirak mütləqdir. O anlayır ki, regionun iki lider dövləti Azərbaycan və Türkiyə ilə aparılan düşmənçilik siyasəti ölkəni yalnız məhvə və uçuruma aparır. Ümumiyyətlə, rəsmi rəqəmlər də göstərir ki, hazırda Ermənistanda çox ciddi iqtisadi və ictimai proseslərin pozulması hadisəsi yaşanır. Eyni zamanda demoqrafik böhran da pik həddə çatıb. Ötən illərə nisbətdə Ermənistanı tərk eləyən əhalinin say nisbəti də kifayət qədər düşündürücüdür. Bu baxımdan iqtidar Azərbaycan və Türkiyə ilə normallaşma barədə mesajlar verir".  

T.İsmayılov qeyd edib ki, bu hadisələrin fonunda təbii ki, Ermənistan müxalifəti Nikol Paşinyanı gözdən salmaq üçün Azərbaycan və Türkiyəyə yönəlik pozitiv mesajları linç eləməyə çalışır:

"Bu baxımdan Artur Vanetsyanın məlum açıqlaması da köhnə Koçaryan-Sarkisyan cütlüyünün  uzun illər davam edən işğalçı beyninin məhsuludur. Düşünürəm ki, Artur Vanetsyan özü də başa düşür ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan Ermənistanın heç bir gələcəyi yoxdur. Bu baxımdan bu çıxışı sadəcə xal qazanmaq, erməni milləti və faşist dairələri arasında öz reytinqini yüksəltməkdir. Lakin ümumilikdə Artur Vanetsyanın və onun rəhbəri olduğu Vətən Partiyasının Ermənistandakı elita və cəmiyyət arasında heç bir nüfuzu və hörməti yoxdur. Aparılan rəy sorğuları da göstərir ki, Artur Vanetsyan və Vətən partiyası  nə təkbaşına, nə də koalisiya şəklində səs toplayacaq bir partiya deyil".