“Ağdamda basdırılan 97 min minanın xəritəsini verməsi Ermənistanın Azərbaycan ərazisində hərbi cinayət törətməsinin sübutudur”.
Bu fikirləri “Şərq”ə açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib. Politoloq qeyd edib ki, Ermənistan bəlkə də bunun onun əleyhinə istifadə ediləcəyi faktını nəzərə almayıb:
“Bunu bildiyi üçün də vermək istəməyə bilər, amma indi seçkiğabağı məcbur olduğu üçün verir. Bu, artıq rəsmi şəkildə bir daha sübut edir ki, Azərbaycan ərazilərini Ermənistan dövləti işğal etmişdi və bu ərazilərdə hərbi istehkamlar qurmuşdu”.
A.Qasımov əlavə edib ki, Azərbaycan dövləti tək bu fakta görə Ermənistandan təzminat tələb edə bilər:
“Bu, Ermənistanın işğal cinayətini boynuna alması faktıdır. Azərbaycan tərəfi bu xəritələrdə qeyd edilən minaların çıxarılması prosesini qeydə almalı və beynəlxalq məhkəmədə bundan Ermənistan əleyhinə istifadə etməlidir. Bu prosesdə beynəlxalq müşahidəçilərin şahid kimi iştirakı da mütləqdir. Prosesin orijinallığı ondadır ki, Azərbaycan "əsir" adlandırılan terrorçuları qaytarmaqla bu vəziyyətdə belə dünya ictimaiyyəti qarşısında özünün xoşməramlığını göstərməklə yanaşı, müharibə cinayətinin sübutu üçün faktlar əldə edir, həm də cinayəti törədən tərəfin əli ilə”.