Makron başa düşməlidir: “Türk qatarı çox sürətlə Şərqə doğru irəliləyir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransa prezidenti Emmanuel Makron arasında görüş başa tutub. Tərəflər iki ölkənin NATO-dakı strateji müttəfiqliklərini, Liviya və Suriyadakı ortaq fəaliyyətlərini müzakirə ediblər.
Tərəflər eyni zamanda Qarabağ və “radikal islamçılıqla” mübarizə məsələlərini də müzakirə ediblər.

Məlum görüşü “Sherg.az”a şərh edən siyasi elmlər doktoru, professor, politoloq Cümşüd Nuriyevin fikrincə, Ərdoğan Makronla görüşündə Azərbaycanın maraqlarını qoruyub:

“Hətta əminəm ki, o, Azərbaycanın marağını Prezident İlham Əliyev qədər düşünür. Fransa-Türkiyə arasında münasibtələr Makron prezident olandan sonra daha da gərginləşib. Ümumiyyətlə, fransızlar tarixən Yaxın və Orta Şərq siyasətində Türkiyəni görmək istəməyiblər. Bu gün də belədir. Ona görə də onların türklərə xoş münasibət sərgiləmirlər.

Fransa bir dövlət kimi tarixən ermənipərəst olub, amma sonradan bəlli oldu ki, Makronun özü də yarı ermənidir. Onun nəslinin Türkiyəyə olan nifrətinin arxasında bu dayanır.

Makron nə qədər təhsil alsa da, erməni xislətini gizlədə bilmir. Nəzərə alsaq ki, tarixən Fransa Avropanın siyasi idarəetmələr mərkəzi statusunda çıxış edib. Bu gün də həmin statusdan həm Amerika, həm də Qərb yararlanmağa çalışır”.

C.Nuriyev qeyd edib ki, Ərdoğan Fransanın Əlcəzairdə soyqırımı törətdiyini gündəmə gətirib:

“Bu məsələ də təsadüfi deyil. Liviya ilə bağlı Fransanın problemləri var. Çünki Fransanın keçmiş prezidenti Nikola Sarkozinin vaxtında Qəddafi Fransa prezidentinin seçkilərinə 50 milyon avro pul vermişdi. Bu mövzu gündəmə çıxdı və Sarkozi məsələ böyüməsin deyə Qərbin maraqlarına uyğun olaraq Liviyaya hücum etdi. Amma Türkiyə tək Qərbi yox, həm də Rusiyanı siyasi cəhətdən yerində otuzdurdu. Türkiyənin güclənməsi istər-istəməz tək Fransanı yox, bir çox Qərb dövlətini narahat edir. Makron da çalışır ki, növbəti dəfə seçilmək üçün özünə siyasi xallar yığsın. Ona görə də Ərdoğanla danışığında bir çox məsələyə toxunmasının səbəbi budur. Lakin Makron siyasətdə Ərdoğanla müqayisədə küçə siyasətçisidir. O, başa düşməlidir ki, artıq türk qatarı çox sürətlə Şərqə doğru irəliləyir”.