"Əslində erməni cəmiyyəti buna inanacaq toplumdur, ancaq ortada Rusiya faktoru var"
"Hər namizəd seçkidə səs almaq üçün ağlına gələn bəyanatı verir: “Koçaryanın çıxışı revanşizmdir"
Ermənistanın keçmiş prezidenti, hazırda seçkilərə “Ermənistan” (Hayastan) bloku ilə qatılan Robert Koçaryan seçicilərinə ağlasığmaz və revanşist vədlər verməkdə davam edir. Koçaryan Hadrutu yenidən “qaytaracağı”na böyük ölçüdə ümid etdiyini bildirib. Eks-prezident Dilicanda seçicilərlə görüşdə iddia edib ki, Şuşanın da “qayıdacağına” “qismən" inanır. Onun arqumenti isə belədir:
- keçmiş və 1991-ci ildə Azərbaycan parlamentinin qərarı ilə ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayətinin “sərhədi”nin bərpası ilə bu, mümkündür. Koçaryan deyib ki, bu proses iki il vaxt ala bilər:
“Ancaq belə bir ciddi danışıqlar üçün müttəfiqlərlə əlaqələri bərpa etmək lazımdır. Bunun ardınca siz görəcəksiniz ki, bu məsələnin həlli mümkündür. Bu məsələni məndən yaxşı heç kim həll edə bilməz”. O, Rusiyadakı erməni biznesmenlərlə danışıqlar apardığını, ermənilərin Qarabağa köçürülməsi üçün tikinti işləri görəcəyini də vəd edib. Bildirib ki, bu işə “Hayastan” fondundan 100 milyon dollar ayrıla və kəndlər böyüdülə, çoxsaylı evlər tikilə bilər. Göründüyü kimi, Koçaryan revanşist iddialarla seçkiyə girib və yenə də xalqı uçuruma aparan vədlər verməklə məşğuldur. İşğalı davam etdirməyə çalışan sabiq prezident yeni reallıqları qəbul etməməklə faktiki olaraq Ermənistanın bir dövlət kimi varlığını artıq sual altına alır. Çünki bu işğalçı ünsür hələ də Türkiyənin artıq regionda olduğunu, Azərbaycanın Qafqazın ən qüdrətli dövlətinə çevrildiyini və Rusiyanın Putinin simasında Bakı ilə ciddi müttəfiqlik əlaqələrinə malik olduğunu dərk etmir.
Koçaryanın sərsəmləməsini “Şərq”ə dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov deyib ki, Ermənistanda vəziyyət idarəedilməz hala gəlib. Ekspertin sözlərinə görə, hər namizəd seçkidə səs almaq üçün ağlına gələn bəyanatı verir:
“Koçaryanın çıxışı revanşizmdir. Maraqlı burasındadır ki, həmin Robert Koçaryan Moskvaya səfər edən zaman Kremlə yaxınlığı ilə tanınan Poznerə müsahibə verərkən bildirmişdi ki, “Ermənistanda ağlı başında olan kimsə revanş haqqında düşünməməlidir”. Görünən indi düşüncəsini dəyişməkdə əsas məqsəd kimlərinsə dəstəyini əldə etmək və seçkidə daha çox səs almaqdır. Qısa zaman ərzində Koçaryanın bir-birinə zidd bəyanatlar verməsinin arxasında iki məsələ dayanır. Birincisi, Ermənistan və ermənilər çətin vəziyyətə düşən kimi yalvarıb-imdad diləyirlər, bir az sərbəst olan kimi isə bu cür sərsəm bəyanat verirlər. İkincisi isə vasitəçi funksiyasını zorla öz üzərinə götürən Rusiya ilə imzalanmış müqavilənin hüquqi əsasları tez məhv olur. Yəni Rusiya ilə imzalanmış müqavilə ya Rusiyanın öz maraqlarına uyğun işləyir, ya da heç işləmir.
Odur ki, Azərbaycan son dərəcə ehtiyatlı addım atarsa, daha yaxşı olar”.
Siyasi şərhçi Rusif Məmmədsoy da vurğulayıb ki, seçkilərə az müddət qaldığı üçün populist çıxışlar daha da artacaq:
“Koçaryan çox gözəl anlayır ki, sorğular onu yanılda bilər. Hətta son sorğu göstərdi ki, Paşinyan yenidən önə keçib. Bu mənada Robert köhnəlmiş ideyalarını cəmiyyətə təlqin etmək istəyir. Əslində erməni cəmiyyəti buna inanacaq toplumdur, ancaq ortada Rusiya faktoru var. Bundan əlavə Paşinyan yaxın günlərdə belə bir açıqlama verdi ki, “biz daha öncə də minalanmış ərazilərin xəritəsini Sergey Lavrova təhvil vermişik”. Bu da iki tərəfi düşündürür ki, deməli, təxribatda maraqlı tərəflər var. Ölkədə xaos olacağı, hətta vətəndaş müharibəsinin olacağı şübhəsizdir desək, yanılmarıq. Çünki seçkilərdən sonra hansı tərəfin qalib olmasından asılı olmayaraq, kütləvi həbslər başlayacaq. Paşinyan bunun anonsunu artıq verib. İstənilən halda hər cür təxribata, məkrli plana biz də hazır olmalıyıq”.