“Son seçkilər göstərdi ki, erməni xalqı artıq müharibə istəmir”
“Məğlub olmuş Paşinyanı yenidən seçirlərsə, deməli müharibədən uzaqlaşmağı düşünürlər”
Xəbər verdiyimiz kimi, dünən Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Paşinyanın partiyası 53,92 faiz səslə (687 251 seçici) qalib gəlib. Əslində seçkinin nəticələri Azərbaycanın və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin qələbəsidir. Prezident İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan siyasəti sayəsində Azərbaycan güclü dövlətə, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrildi, ölkəmizin maliyyə imkanları, iqtisadi potensialı, hərbi gücü artdı. Azərbaycan beynəlxalq münasibətlər sistemində öz prinsipial mövqeyi ilə seçilən və yüksək nüfuza malik ölkəyə çevrildi.
Azərbaycanın həyata keçirdiyi təcrid siyasəti nəticəsində Ermənistan regionun siyasi və iqtisadi həyatından kənarda qaldı. Ölkənin iqtisadiyyatı çökdü, əhalinin sosial durumu ağırlaşdı, Ermənistan xarici yardımdan asılı vəziyyətə düşdü.
Baş verənləri “Sherg.az”a şərh edən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Ermənistandakı son seçkilərin nəticəsi Azərbaycanın illərdir həyata keçirdiyi strategiyanın bir hissəsidir:
“Məlumdur ki, Birinci Qarabağ müharibəsindən sonra şərtlər Ermənistanın xeyrinə idi. 1997-ci ildən sonra danışıqlar prosesi dəyişdi. Sonrakı dövrlərdə isə Azərbaycan Ermənistana qarşı blokada siyasətini həyata keçirdi. 2003-cü il Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra bu proses daha aktivləşdi. Prezident İlham Əliyev bütün sahələrdə inkişafımıza xüsusi diqqət yetirirdi, hərbi sferada güclənməyimiz üçün lazımi addımlar atıldı. Zaman keçdikcə inkişafımız Ermənistanın bir çox prosesdən kənarda qalmasına səbəb oldu. Regiondakı layihələrdə iştirak edə bilmədilər. Beləliklə, bütün dünya ölkələri regionda əsas ölkə olaraq Azərbaycanı qəbul etdi. Prosesin davamı olaraq Azərbaycan Prezidenti Ermənistanı bütün sahələrdə “bağladı”, çıxış yolu qoymadı. Bu da Ermənistanın daxilində sosial-iqtisadi geriliyə, ordunun zəifləməsinə səbəb oldu. Beləliklə, erməni xalqının beynində bir oyanma yarandı. Yəni illərdir Qarabağ üzərindən hakimiyyətə gələnlər xalqın qanını sovurub, onları ac yaşadıblar. 2016-ci il aprel döyüşlərində Ermənistan anladı ki, uzun illər ərzində onların təbliğ etdiyi güclü ordu mifi dağıldı. Artıq ermənilər başa düşürdülər ki, onlar Qarabağın işğalda olması ilə ciddi təzyiq altındadırlar. Nəhayət, 2020-ci il İkinci Qarabağ müharibəsində Azərbaycan qələbə qazandı. Məğlub olan Ermənistanda sosial-siyasi, iqtisadi və hərbi vəziyyət ağırlaşırdı. Bu zaman növbədənkənar seçkilər keçirməyi qərara aldılar”.
Analitikin fikrincə, məlum oldu ki, erməni xalqı artıq müharibə istəmir və məğlub olmuş Paşinyanı yenidən seçirlərsə, deməli müharibədən uzaqlaşmağı düşünürlər:
“Əhali 2018-ci ildə məhv edilmiş “Qarabağ klanı”nın geri qayıtmasına qarşıdırlar. Azərbaycanın uzun illər ərzində apardığı strategiya nəticəsində erməni xalqı daha revanşizmə dəstək vermirlər, həmçinin 44 günlük müharibədə Azərbaycan qələbə qazandı. Artıq anladılar ki, Azərbaycanla anormal ideologiyalar üzərindən mübarizə aparmaq mümkün deyil. Əksinə özlərinə ziyan vururlar. Ermənistan bundan sonra regiondakı reallığı qəbul edəcək. O cümlədən təklif olunan əməkdaşlıq platformalarına qoşulacaq. Azərbaycan Prezidentinin uzun illər həyata keçirdiyi siyasət məhz buna hesablanmışdı”.