Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov qurumu sərt tənqid edib. Deputat bildirib ki, Avropa Şurasının fundamental hüquqlarından olan söz azadlığından birtərəfli məlumatların yayılması üçün istifadə edirlər.
Onun sözlərinə görə, büronun fəaliyyətinə həsr olunmuş hesabatda AŞPA-nın sonuncu sessiyasından etibarən baş verən ən əlamətdar hadisələr yer almalıdır:
“Bununla belə, iyunun 12-də Azərbaycanla Ermənistan arasında baş verən razılaşma haqqında burada heç bir məlumat verilmir. Bu razılaşma nəticəsində Azərbaycanın Ağdam rayonundakı mina sahələrinin xəritəsi Ermənistan tərəfindən Azərbaycana təqdim edilib və bunun əvəzində bir sıra erməni əsir azad edilib. Lakin bunun əksinə olaraq, əsirlərə qarşı humanitar hüquqa zidd şəkildə rəftar olunması haqqında yoxlanılmamış, yalan məlumatlar verilir. Yəni birtərəfli məlumatlara rast gəlirik. Fundamental hüquqlarımızdan olan söz azadlığından birtərəfli və yoxlanılmamış məlumatların yayılması üçün istifadə edilməməlidir. Məsələlər tam şəkildə öyrənilməlidir. İki ölkə arasında barışığın yaranmasına çalışılmalıdır”.
Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov AŞPA-nın ölkəmizə qarşı qərəzli münasibətinin səbəblərini “Sherg.az”a sadalayıb.
“Səməd Seyidov AŞPA-da nümayəndə heyətinin rəhbəri olduğu üçün prosesləri yaxşı bilir. AŞPA kimi böyük bir qurumda kifayət qədər samballı nümayəndə heyətimiz varsa, onlar yalnız sessiyadan-sessiyaya AŞPA-nın bizə olan qərəzli fikirləri barədə danışmamalıdırlar. Bütün proseslər dövründə AŞPA ilə işləmək lazımdır. Fikrimcə, qərəzli münasibətin əsas səbəblərindən biri məlumatsızlığın olmasıdır. Çünki AŞPA üzvü olan bütün deputatlar borclu deyillər ki, Azərbaycan mətbuatında gedən yazıları oxuyub, ondan xəbərdar olsunlar. Ən azı azərbaycanlı nümayəndələr ölkəmizdə baş verənlər barədə bütün AŞPA üzvlərini, xüsusilə fraksiya rəhbərlərini məlumatlandırmalıdır”.
Ə.Həsənov qeyd edib ki, qərəzli mövqenin digər səbəbi Azərbaycanın Cənubi Qafqazda sabitliyin əldə olunması üçün müəyyən addımlar atmasıdır:
“Ola bilsin ki, bu, bəzi Avropa ölkələrinin xoşuna gəlmir. Niderland və Belçika deputatları və hökumətlərinin Azərbaycanla bağlı qəbul etdikləri bəyanatlar və bizə qarşı istifadə olunan ritorikadan bunu görürük. Əsas problem müvafiq xarici sturukturlarla yaxşı işin qurulmamasıdır. Nümayəndə heyətimiz bunu edəcəksə, ola bilsin ki, ölkəmizə qarşı qərəzli münasibətin qarşısını ala bilərik. 44 günlük müharibə zamanı cənab Prezidentin beynəlxalq aləmlə operativ işlədiyinin nəticəsini gördük. Azərbaycana qarşı istənilən qərəzli münasibəti məhz diplomatik və operativ işlə aradan qaldırmaq olar”.