Gəncəliyev AŞPA –da danışdı:"Ermənistan ərazilərimizdə kütləvi minalanma...”

“Qarabağa dönüş” təşkilatının rəhbəri, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü Tural Gəncəliyev qurumun  miqrasiya komitəsində çıxış edib. Millət vəkili işğaldan azad olunan ərazilərdə vaxtı ilə ermənilərin basdırdıqları minaların yaratdığı problemlərdən danışıb:
“Şuşa şəhərindən keçmiş məcburi köçkün kimi mən və işğaldan azad edilmiş Qarabağın digər yerlərindən yüz minlərlə azərbaycanlı hələ də öz dədə-baba torpaqlarına geri dönə bilmir. Çünki işğal dönəmində Ermənistan Azərbaycan ərazilərinin kütləvi şəkildə minalanmasını həyata keçirib.

Demək olar ki hər gün mülki vətəndaşların mina partlayışları nəticəsində həyatını itirməsi yaxud yaralanması ilə bağlı xəbərlər eşitməli oluruq. Bu səbəbdən öz təməl insan hüquqlarımızdan, mülkiyyət hüququmuzdan, geri qayıtmaq hüququmuzdan istifadə edə bilmirik”.

T.Gəncəliyev vurğulayıb ki, münaqişənin humanitar nəticələri ilə bağlı məsələlər doğrudan da vacib əhəmiyyət kəsb edir:

“Bu xüsusda Azərbaycan tərəfindən saxlanılan erməni əsgərlərin məsələsi ilə bağlı qeyd edim ki, Azərbaycan Respublikası tərəfindən atılan addımlar beynəlxalq hüquq çərçivəsində olub. Xatırladıram ki, 8 iyun tarixində Avropa İnsan Hüquqları Məhkəməsi ermənilər tərəfindən qaldırılmış ittihamı rədd etdi. Bir daha söyləyirəm ki, yalnız üçtərəfli bəyanatın imzalanmasından sonra həbs edilən şəxslərdən danışırıq”.

Millət vəkili çıxşında AŞPA təmçilçilərinin diqqətinə Azərbaycanın sülh çağırışlarına erməni tərəfinin qeyri-konstruktiv münasibət göstərməsini də diqqətə çatdırıb:

“Həmkarlarıma xatırlatmaq istəyirəm ki, AŞPA tərəfindən qəbul olunmuş 1416 saylı qətnamə Azərbaycan ərazilərinin işğaldan azad olunmasına çağırırdı. Çox şadam ki, nəhayət sülhdən danışa bilərik. Azərbaycanın və regionun ən böyük su anbarı olan Mingəçevir su anbarını bombalamağa çağırış edən xanım N.Zohrabyandan fərqli olaraq biz sülhə inanırıq”.