İran İslam Respublikasının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub. Bu barədə XİN məlumat yayıb. Görüşdə səfirin diqqəti İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlara cəlb edilib və bununla bağlı qarşı tərəfə nota təqdim olunub.
Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərinin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılıq ifadə olunub: "Bir müddət öncə İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılığımız görüş zamanı bir daha İran səfirinin qarşısında qaldırılıb". Görüş zamanı bu kimi narahatlıq doğuran və iki ölkə arasında mövcud yaxın dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlməyən hallara son qoyulması istiqamətində İranın yeni administrasiyası tərəfindən əməli addımların atılacağı qeyd olunub.
Ağ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli sözügedən etiraz barədə fikirlərini “Sherg.az”la bölüşdü:
“Əlbəttə, nota yerində verilən qərar idi. Bildiyimiz kimi, müharibə dövründə də İrandan Ermənistana silah daşınırdı. Həmin təşəbbüslər bu gün də davam edir.
Beynəlxalq hüquqla Azərbaycan ərazisi kimi tanınan torpaqlarda məskunlaşmış terrorçulara dəstək nəinki dostluq, heç yoldaşlıq da deyil. Əgər belədirsə, biz də İrandakı separatçıları dəstəkləyək.
Onda Tehran qeyri-adekvat addımları barədə düşünməli olacaq. Əks halda isə cənub qonşumuz “erməni kartı”ndan hələ çox istifadə edəcək”.