“Axı İran maşınlarının Qarabağda nə işi var?!” - İşğalçıya “nəfəslik”...

"Rəsmi Bakı isə buna imkan verməyəcək və adekvat cavablarla düşməni susduracaq”

Azərbaycan Müdafiə Nazirliyi dünən yaydığı bəyanatda Rusiyaya xəbərdarlıq edib. Bəyanatda deyilir: “Azərbaycan ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsi təmin olunacaq. Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır”.

Əlbəttə, Kreml bunu “qulaq ardına vurmamalıdır”. Çünki artıq səbr kasamız dolmaq üzrədir. Silahlar işə düşsə, Hərbi Qənimətlər Parkına yeni eksponatlar əlavə ediləcəyi şübhəsizdir.

 Politoloq Qabil Hüseynli Müdafiə Nazirliyinin bəyanatını “Sherg.az”a şərh etdi: 

“Bu, Azərbaycanın gərilən əsəblərinin ifadəsi idi. Sülhməramlılar onlara aid olmayan işlərlə məşğuldurlar. Onlar Qarabağa kimi gəldi buraxırlar. Axı, İran maşınlarının Qarabağda nə işi var?! İran uzun illər separatçılar üçün “nəfəslik” olub”. Odur ki, bəyanat tam yerinə düşdü”.
 
Q.Hüseynlinin sözlərinə görə, yaxın gələcəkdə silahların işə düşməsi istisna deyil: 

“Rusiyalı müdafiə naziri Segey Şoyqu erməni həmkarı ilə görüşdə onlara dəstək verəcəyini açıq-aydın deyib. O, Karapetyana bağışladığı xəncəri İrəvana göndəriləcək silahların başlanğıcı kimi səciyyələndirib. Rusiya Ermənistanı müharibəyə hazırlayır?! Görünür, şimal və cənub qonşumuz Qarabağda yeni avantüra törətmək istəyir. Rəsmi Bakı isə buna imkan verməyəcək və adekvat cavablarla düşməni susduracaq”.