Şahmat bəxt oyunu deyil, elə siyasət də


Məşhur politoloq Zbiqnev Brejenski geosiyasəti "Böyük şahmat taxtası" adlandırıb və eyni adlı kitab yazıb. 32 fiqurdan, 64 xanadan ibarət olan şahmat taxtası, doğrudan da, diplomatiyanın əsas prinsiplərini özündə əks etdirir. Bu isə o deməkdir ki, siyasətdə yaxşı şahmatçı olmalı, ən azından şahmatçı kimi düşünməyi bacarmalısan. Başa düşmək lazımdır ki, şahmatdakı kimi siyasətdə də heç vaxt təsadüfi gedişlər olmur.

Hər həmlə özündən sonrakı addımlara hesablanıb və münbit şərait üçün zəmin yaradır. Bəxtə güvənən, şansa etibar edənlər isə adətən uğursuzluqla üzləşirlər. Çünki şahmat bəxt oyunu deyil...
 İndi planetin bir çox yerlərində olduğu kimi Cənubi Qafqazda da ciddi "şahmat oynanılır". Azərbaycan torpaqlarını azad etməkdədir. Ermənistan işğalçılıq siyasətindən əl çəkmir. Türkiyə həmişəkitək yenə də yanımızdadır. Rusiya və İran "suyu bulandıraraq" region üçün önəmli tərəflər olduğunu göstərmək istəyirlər. ABŞ-la Fransa  ta okeanın o tayından bölgəyə "əl uzadırlar". Vaşinqton və Parisin məqsədi Moskvanın Cənubi Qafqazdakı mövqeyinə zərbə vurmaq və öz təsir dairələrini genişləndirməkdir. Kreml isə hələlik müqavimət göstərir. 
 Son vaxtlar rəsmi Bakının bəyanatları onu deməyə əsas verir ki, hansısa ciddi "kombinasiya" hazırlanır. Biz xəbərdarlıq edirik. Baş verəcəklərə görə qarşı tərəflərin məsuliyyət daşıdığını əvvəlcədən deyirik. Məsələ ondan gedir ki, Qarabağ ətrafında baş verən proseslərdə haqlı tərəf Azərbaycandır. Elə buna görə digər "oyunçular" bizim üçün çətinlik yaratmağa çalışırlar. Çünki haqlının həmişə ən güclü olduğunu bilirlər.  Və bundan ötrü onlar müxtəlif strategiyalar üzrə davranırlar. 
 İndiki durumda Ermənistan şahmat dili ilə desək, “Piyadadır”. Böyük "fiqurlar"- "Şah", "Vəzir", "Top"...onun əli ilə mürəkkəb vəziyyət yaratmağa çalışırlar. Əslində bu, İrəvanın özünə də sərf edir. Çünki yeri gələndə həmin "fiqurların" arxasında gizlənir. Elə bu məqam İrəvanı beynəlxalq güclərdən asılı vəziyyətə salır. Düşmən yaxşı başa düşür ki, ortada tək- tənha qalsa, çox asanlıqla məhv olacaq. Yəni öz təhlükəsizliyi naminə istifadə olunmağa hazırdır. 
 Faktiki olaraq Ermənistan məhz həmin güclərin hesabına “başını girləyir”. Amma ən əsas məsələni unudur: bu oyunda “Piyada” nə qədər irəliləsə də, əsla gücü və imkanlarını artıra, nəinki “Vəzir” heç, “At”, “Fil” də ola bilməz. Beynəlxalq güclərin dəstəyi isə müvəqqəti və situativ təhlil xarakter daşıyır. Bu, sadəcə “şahmar taxtasında” xaotik vəziyyət yaratmaqdan ötrüdür. 
 Dediyimiz kimi, Qərb və Rusiya bütün imkanları ilə “suyu bulandırmağa” çalışırlar. Amma səslənən son bəyanatlar onu deməyə əsas verir ki, rəsmi Bakı “bu oyunu pozacaq”. Azərbaycanın “Şah mat!” deməyinə az qalıb. Bax, onda qarşı tərəfin heç “qala qurma” üçün də imkanları olmayacaq.