Proseslər Kremldən idarə olunur
Azərbaycan Xarici İşlər Nazirliyi ötən gün Rusiyaya sülhməramlı qüvvələrlə bağlı etirazını bildirdi. Rusiya tərəfi bu etirazdan heç bir nəticə çıxarmadı. Bu gün Şuşa, Füzuli və Xocavənd istiqamətində Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında silahlı erməni qüvvələri Azərbaycanın postlarını atəşə tutub.
Politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında deyib ki, artıq yalnız sərhəddə deyil, Qarabağda da silahlı erməni birləşmələri bölmələrimizə qarşı iriçaplı silahlardan istifadə edir. Bu, 10 noyabr Bəyannaməsinin pozulmasıdır və demək olar ki, bu müharibənin bitmədiyini Rusiya və Ermənistan gündəliyə çıxarmış oldu:
“Qarabağda baş verən təxribatlar birbaşa Rusiyadan idarə olunur. Azərbaycana ciddi şəkildə təzyiq etmək siyasəti həyata keçirilir. Bir müddətdən sonra Azərbaycan hərəkətə keçməsə, erməni silahlı qüvvələri hücuma keçə bilər. Rusiya 10 noyabr bəyannaməsinin 4-cu bəndini yerinə yetirmək əvəzinə, silahlı erməni birləşmələrini təchizatla təmin edərək, vəziyyəti mürəkkəbləşdirəcək. Azərbaycanın erməni silahlı birləşmələrinə qarşı lokal hərbi əməliyyatlar keçirməsi mümkündür. Azərbaycan maksimum təzyiq edib, 10 noyabr bəyannaməsinin 4-cu bəndinin yerinə yetirilməsinə çalışacaq. Əgər bu baş verməsə, Laçın dəhlizində əməliyyat apara bilər. Rusiya maksimum şəkildə Qarabağda silahlı ermənilər vasitəsilə Azərbaycana təzyiq etməyə başlayıb. Biz bunu gözləyirdik. Bundan sonra, ermənilərlə əvvəlki kimi atəşkəs oyununu oynamamalıyıq. Proseslərə seyrçi qalacağıqsa, hər hansı danışıqlar yolu ilə erməni silahlı birləşmələri Qarabağda qalacaqsa, yenidən ciddi böhranla üzləşəcəyik”.
Politoloqun sözlərinə görə, ötən ay Moskvada Prezident İlham Əliyev və V.Putinin görüşündən sonra vəziyyətin gərginləşəcəyi məlum idi. Çünki Rusiyanın istəklərinə Azərbaycan müsbət cavab vermir.