Antiterror əməliyyatları başlayacaq: “Başqa alternativimiz yoxdur”

Bu gün saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutmağa başlayıb. Bu barədə Müdafiə Nazirliyi məlumat verib. Bildirilir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə davam edən təxribatlar barədə “Sherg.az”a danışdı:

“Prezident İlham Əliyevin “CNN Türk” kanalına müsahibəsi zamanı dedikləri Rusiya və Ermənistana mesaj idi. Belə ki, bu dövlətlər regionda sabitliyin “yol xəritəsi” olan 10 noyabr və 11 yanvar yanvar üçtərəfli razılıqlarına əməl etmək istəmirlər. Moskva İrəvanın və Qarabağdakı ermənilərin “əli ilə” prosesləri sabotaj edir. Kremlin məqsədi Azərbaycanın Türkiyə hərbi müttəfiqliyinə son verməsi və KTMT-yə qoşulmasıdır. Rəsmi Bakı isə bunu rədd edir. Şimal qonşumuzun yekun sülh müqaviləsini istəməməsi Ermənistanın təxribatlarına rəvac verir”.

M. Əsədullazadənin fikrincə, silahlar yenidən işə düşə bilər:

“Rusiya və Ermənistan Prezident İlham Əliyevin dediklərindən nəticə çıxarmalıdır. Əks halda antiterror əməliyyatları başlayacaq. Başqa alternativimiz yoxdur. Rəsmi Bakı ötən aylar ərzində bütün diplomatik yolları masaya qoysa da, bunlar nəticəsiz qaldı”.