“Əminəm ki, bu proqramların hər biri uğurla davam edəcək”
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər nazirinin müavini Faruk Kaymakcının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirliyin mətbuat xidməti idarəsindən verilən xəbərə görə, C.Bayramov iki qardaş ölkə arasında mövcud olan və dinamik şəkildə inkişaf edən ikitərəfli əməkdaşlıq məsələlərinin geniş gündəliyi üzrə fikirlərini qarşı tərəflə bölüşüb.
Eyni zamanda, çoxtərəfli platformalarda həyata keçirilən əməkdaşlığımızın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və digər çoxtərəfli çərçivələrdə əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparıblar.
Məlum görüşün əhəmiyyətini “Sherg.az”a dəyərləndirən Demokratik İslahatlar Partiyasının sədri , millət vəkili Asim Mollazadə qeyd edib ki, Azərbaycan və Türkiyə qardaş ölkə olaraq bir neçə platformada daimi əməkdaşlıq edir.
Parlament üzvü bildirib ki, bu əməkdaşlıq xüsusilə siyasi təhlükəsizlik və iqtisadi sahələrlə bağlıdır:
“Münasibətlərimizin digər mühüm istiqaməti ortaq mədəniyyətimizin inkişafı, təhsil sisteminin bir-birinə uyğunlaşmasıdır. Sözügedən görüş çoxşaxəli əməkdaşlıq və ortaq işlərimizin müzakirəsinə həsr olunub. Azərbaycan Baş Qərargah rəisi də Türkiyədə səfərdədir. Ortaq təhlükəszilik sistemlərinin formalaşmasına dair görüşlər keçirilir. Türkiyənin yüksək səviyyəli nümayəndə heyəti türkdilli dövlətlərin iqtisadi əməkdaşlığı ilə bağlı bu yaxınlarda Azərbaycanda görüşlər keçirdi. Digər türkdilli ölkələr də bu prosesdə iştirak etdi. Həyata keçirdiyimiz bir sıra ortaq layihə ikitərəfəli münasibətlərlə yanaşı, bütün türk dünyasını da bu əməkdaşlığla cəlb etməkdən ibarətdir. Əminəm ki, bu proqramların hər biri uğurla davam edəcək”.
Yeganə Bayramova