Rusiyanın yeni planı: “Köçəryana konkret istiqamətlər göstəriləcək”

Separatçı deputat Metakse Akopyan Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla bağlı sensasion iddia irəli sürüb.
O, Xankəndidə II Qarabağ müharibəsi öncəsi Anna Akopyanın “parlament deputatları” önündə çıxış edərək, Rusiyanın Ermənistanın düşməni olduğunu dediyini bildirib.

Deputatın sözlərinə görə, Akopyan “parlament” qarşısında “Özündən bir əsr boyunca müttəfiq obrazı yaradan dövlət (Rusiya) əslində bizim müttəfiqimiz deyil. Bu situasiyaya biz onların ucbatından düşmüşük və onlar hətta müttəfiqdən çox, düşmənlərimizdir. Biz Qərbə doğru hərəkət etməliyik”söyləyib.

Metakse Akopyan Anna Akopyanın oxşar siyasəti müharibə dövründə də davam etdirdiyini deyib.

 Maraqlıdır, rəsmi İrəvan kimə, nəyə arxalanaraq belə bəyanat səsləndirib? 

“Sherg.az” olaraq Akopyanın sözügedən bəyanatının arxasında nələrin dayandığını politoloq Natiq Miri ilə müzakirə etdik.

- Sizcə, düşmən tərəf bununla nə demək istəyib?

- Əslində Ermənistan müxalifəti məsələni başqa istiqamətə çəkmək və bundan iqtidar əleyhinə istifadə etmək istəyir. Akopyan bunu indi yox, xeyli əvvəl Qarabağda olarkən deyib. Əlbəttə, Moskvanın İrəvana münasibəti təkcə bu açıqlama ilə məhdudlaşmır. Kreml Paşinyan hakimiyyətə gəldiyi ilk gündən ona etibar edə bilmir, özününkü saymır. Əks halda Rusiyanın hakim partiyası Robert Köçəryanı məsləhətləşmələr üçün Moskvaya dəvət etməzdi.

- Yeri gəlmişkən, Ermənistan müxalifət lideri ilə məsləhətləşmələrin məqsədi nədir?

- Rusiya Ermənistanı ciddi təzyiq altında saxlamaq niyyətindədir. Elə vəziyyət yaratmaq istəyir ki, İrəvan müstəqil addım ata bilməsin. Amma dediyim kimi, Moskva Paşinyana dünən də güvənmirdi, bu gün də güvənmir. Akopyanın dedikləri isə şimal qonşumuz üçün bir şey ifadə etmir. Rusiya Paşinyanın ilk fürsətdə onun orbitindən çıxıb qərblə yaxınlaşacağını bilir. Və baş nazir tam neytrallaşanadək belə bəyanatlara əhəmiyyət verilməyəcək.

- Ola bilərmi, rəsmi Moskva Köçəryanı Paşinyanın yerinə hazırlayır?

- Belə deməzdim. Bu səfər Rusiyanın Qarabağla bağlı yeni strategiyası ilə bağlıdır. Çox güman ki, Köçəryana nə etməsinə dair konkret istiqamətlər göstəriləcək. Beləliklə, Rusiya Ermənistandakı gərginliyi artıracaq və Paşinyanı daha rahat idarə edəcək.

- Bəs Rusiya “öz quyusuna düşsə”?..

- Qarabağda Azərbaycan- Türkiyə- Rusiya üçbucağında gərginlik var. Hətta rus sülhməramlıları ilə Azərbaycan hərbçiləri arasında toqquşmanın qaçılmaz olduğu barədə fikirlər səslənir. Hərçənd, mən buna inanmıram. Moskva belə axmaq deyil ki, Türkiyə və Pakistanın Azərbaycanın yanında olduğunu görüb bizim torpaqlarımızda bizimlə qarşıdurmaya getsin.  Bu, Kreml üçün ciddi məğlubiyyət deməkdir. Sülhməramlı kontingentə yeni komandanın təyin olunması əslində Azərbaycana mesaj idi. Amma biz buna adekvat cavab verdik. Laçında və Bakıda keçirilən təlimlər Rusiyaya ismarıc idi. Yəni Moskva prosesləri gərginləşdirməyə davam etsə, qarşısında Bakı-Ankara- İslamabad birliyini görəcək. Bu, nə Rusiyaya, nə də Ermənistana sərf edir. Moskva ordusuz İrəvanla nəyəsə nail ola bilməz. Belə bir ehtimal absurddur.

Kənan Novruzov