Rusiyanın hakim Vahid Rusiya Partiyası Ermənistanın keçmiş Prezidenti, müxalif “Ermənistan” Alyansının rəhbəri Robert Koçaryanı Moskvaya dəvət edib. Məlumatı “Tert” qəzeti yayıb. Rusiyanın hakim partiyası R.Koçaryanı siyasi məsləhətləşmələr üçün Moskvaya çağırıb. Qəzetin məlumatına görə, səfər çərçivəsində, o, partiya liderləri ilə görüşəcək. Tərəflər regiondakı vəziyyəti müzakirə edəcəklər.
Səfər barədə “Sherg.az”a danışan Ağ Partiya sədri Tural Abbaslı bunun gözlənilən olduğunu vurğuladı:
“Təəccüblü bir şey yoxdur. Köçəryanın Rusiyanın adamı olduğu məlumdur. Moskva həm Ermənistandakı iqtidarla, həm də müxalifətlə işləmək, o cümlədən Köçəryanın hələ də onun təsiri altında olduğunu göstərmək niyyətindədir. Lakin bu, heç bir halda Azərbaycanla münasibətlərə təsir etməyəcək. Çünki Qarabağ məsələsində İrəvan “oyunçu” deyil”.
T. Abbaslı səfərin eyni zamanda Paşinyana mesaj olduğunu düşünür:
“Düzdür, Kremlin Paşinyanı Köçəryanla əvəz etməyə gücü çatmaz. Bunu edəcəyini bilsə, indiyədək edərdi. Nəzərə almaq lazımdır ki, xalq hazırkı iqtidarı dəstəkləyir. Və ictimai etimad baxımından, Paşinyanın alternativi yoxdur. Fəqət, Rusiya Paşinyana “qırmızı xətti” keçməmək barədə xəbərdarlıq edir”.
Kənan Novruzov