“Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlamaq istəyir”
“Ermənistan mətbuatında sülh müqaviləsi ilə əlaqəli məlumatlar, Paşinyanın müsbət fikirlər söyləməsi baş nazirin gələcək məqsədlərinə çatmaq üçün tələsdiyini göstərir”.
Bu barədə “Şərq”ə siyasi şərhçi Azər Qasımov deyib. Analitik bildirib ki, Paşinyan vaxtının az olduğunu başa düşür:
“Rusiya onun əsl məqsədlərini yaxşı bilir və hələlik nəzarətdə saxlayır. Məqamı gələndə onu devirməyə ciddi cəhd edəcək. Odur ki, Paşinyan əsl məqsədinə çatmaq üçün Qarabağ və ümumiyyətlə, Azərbaycanla problemlər yükündən azad olmaq istəyir. Paşinyanın əsl məqsədi Qərbə inteqrasiyadır. Bunu başa düşmək üçün dərindən fikirləşməyə ehtiyac yoxdur. Hökumətin tərkibinə baxmaq kifayət edir. Kabinetdə əksəriyyət qərbyönlüdür. Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlayıb. Eyni zamanda, Türkiyə tərəfdən də arxayın olmaq, ondan sonra Rusiya ilə məsələni həll etmək istəyir. Bunun üçün əsas həll ediləcək məsələ Rusiyanın özəlləşdirilib, özünə tabe etdiyi infrastruktur və sənaye müəssisələrini geri almaqdır. Daha sonra isə rus ordusunun Ermənistandan çıxarılmasını təmin etməkdir. Avropanın ayırdığı milyardlarla avronu və Amerikanın verəcəyi dollarları buna sərf edəcəyi şübhəsizdir”.
Ekspert Paşinyanın Rusiyanın Ermənistana verə biləcək bir şeyinin qalmadığının fərqindədir:
“O, Azərbaycan və Türkiyənin kommunikasiyaların açılması ilə Ermənistana daha çox xeyir verə biləcəyini başa düşür. Bilir ki, düşmənçilik onlara heç nə verməyəcək. Düşmənçiliyi öz maraqları naminə saxlamağa çalışan Rusiyanın qarşısını ancaq Azərbaycan və Türkiyə ilə birlikdə ala bilər”.
İsmayıl