Azərbaycan və Ukrayna əlaqələri yeni müstəviyə çıxır

Bakı və Kiyev arasında əməkdaşlıq region ölkələri üçün yaxşı örnəkdir

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


Tarixən Qafqaz regionunda təbii sərvətləri, maddi-mədəniyyət nümunələri, siyasi fəallığı, alicənab keyfiyyətlərə məxsus xalqı ilə seçilən Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra daha da tanındı. Bu tanınmada ölkəmizin əldə etdiyi iqtisadi inkişaf əsas rol oynadı. Aparılan uğurlu siyasət nəticəsində nəinki region ölkələri, dünyanın əksər dövlətləri Azərbaycanla əlaqələr yaratmağa, əməkdaşlığa maraq göstərdi. Son 20 ildə Azərbaycan regionun aparıcı dövlətinə çevrildi. Qalibiyyətlə başa çatan 44 günlük Vətən savaşında dövlətimizin ərazi bütövlüyünü bərpa etməsi, işğal altındakı torpaqları azad etməsi, həmçinin zaman gözləmədən Qarabağda nəhəng quruculuq işlərinə başlaması isə Azərbaycanın güc və qüdrətinin təzahürünə çevrilib. Təbii ki, belə bir dövlətlə hesablaşılacaq, sözü dinlənəcək və qəbul ediləcək. Bu tendensiya Vətən müharibəsindən əvvəl də mövcud idi. Beynəlxalq təşkilatlar, dünyanın istər aparıcı, istərsə də inkişaf etməkdə olan dövlətləri Azərbaycanla siyasi dialoq, iqtisadi və humanitar, eləcə də ictimai təsisatlar  sahəsində əməkdaşlıqlarını genişləndirirdilər. Amma əlbəttə ki, 44 günlük Vətən savaşımız ölkəmiz və dövlətimizin mövqeyini daha da möhkəmləndirdi. Azərbaycan dünyaya bir çox sahələrdə nümunədir. Bu günlərdə Ukrayna paytaxtında Bakı və Kiyev şəhərləri arasında Qardaşlaşma haqqında "Niyyət protokolu"na imza atan Kiyev şəhərinin meri Vitali Kliçko da çıxışında məhz bunu vurğulayıb. Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Ukrayna paytaxtına səfəri çərçivəsində məlum “Niyyət protokolu” imzalanıb. İmzalanma mərasimindən əvvəl çıxış edən Vitali Kliçko bildirib ki, Bakı olduqca sürətlə inkişaf edir. Azərbaycan paytaxtında möhtəşəm layihələr həyata keçirilib: 

“Biz Bakıda həyata keçirilən bəzi müasir layihələri öyrənərək Kiyevdə tətbiq edirik. Ümid edirəm ki, yaxın gələcəkdə Bakıya növbəti səfərim zamanı yeni maraqlı layihələrin şahidi olacağam”. Kiyev şəhərinin meri vurğulayıb ki, imzalanan yeni "Niyyət protokolu" iki dost şəhər arasında iqtisadi, ticarət, mədəniyyət, turizm sahələrində əməkdaşlığı daha da gücləndirəcək. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, yeni "Niyyət protokolu" iki şəhər arasında əlaqələri yeni müstəviyə çıxaracaq: “Bakı və Kiyev şəhərləri arasında əməkdaşlığın inkişafı bizi sevindirir. Ukrayna paytaxtında da maraqlı layihələr həyata keçirilir və biz bu səfər çərçivəsində bunun şahidi olduq”. Görüşdə iki şəhər arasında 1997-ci ildə imzalanmış əməkdaşlığa dair saziş əsasında mövcud qardaşlaşma əlaqələrinin daha da genişləndirilməsi barədə qərar qəbul edilib və həmçinin Azərbaycanın ötən il düşmən üzərində qazandığı şanlı qələbə nəticəsində azad edilmiş torpaqlarda böyük sürətlə aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib. Görüşdə Kiyev meriyasına və Ukraynanın KİV nümayəndələrinə erməni millətçilərinin işğal altında olmuş ərazilərimizdə törətdikləri vandalizm faktlarını əks etdirən foto-albomlar təqdim edilib. İmzalanma mərasimində Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova da iştirak edib. 

Bundan başqa, Ukrayna paytaxtında Kiyev İnvestisiya Forumu da təşkil olunub. Kiyevə rəsmi səfər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və nümayəndə heyəti üzvləri həmin Forumda da iştirak ediblər. Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, Eldar Əzizov Forumda Bakı şəhərinin inkişafı haqqında geniş məlumat verib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Kiyev İnvestisiya Forumunda çıxışı zamanı qeyd edib ki, bu gün Bakı regionun iqtisadi və mədəniyyət mərkəzi kimi inkişaf etməkdə davam edir. E.Əzizov bildirib ki, pandemiya dövründə koronavirusa qarşı mübarizənin yaratdığı çətinliklərə baxmayaraq Bakı şəhərində iri infrastruktur layihələr gerçəkləşdirilir, yeni məktəblər, uşaq bağçaları tikilir və əsaslı təmir edilir, yollar salınır, yenilənir. Həmçinin Forum iştirakçılarına Ermənistanın işğal altında olmuş ərazilərimizdə törətdiyi vandalizm faktları, dağıdılan şəhər və kəndlər, mədəniyyət abidələri barədə məlumat verilib. Forumda çıxış edən Kiyev meri Vitali Kliçko bildirib ki, Bakı sürətli inkişafına görə dünyanın “top şəhərlər”i arasındadır: "Kiyev şəhərinin inkişafında Bakının təcrübəsindən yararlanmaqda israrlıyıq". Sonra panellər üzrə davam edən Kiyev İnvestisiya Forumunda müxtəlif təqdimatlar keçirilib. Belə səfərlər və imzalanan rəsmi protokollar 2 ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, eyni zamanda region ölkələri üçün də yaxşı nümunədir. 

Məlahət Rzayeva