Hikmət Babaoğlu: "Ona görə ilk dəfə olaraq məhz bu yeni sosial siyasi sifarişlər kontekstində bir əlaqələndirici missiyası yaradıldı"
Ötən həftə sonu Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirildi və mühüm qərarlar alındı. İclasda Bakı üzrə 9 rayon təşkilatının sədrləri vəzifəsindən azad olundu. Həmçinin, partiyanın Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatının və yerli təşkilatlarının əsasnamələri təsdiq edildi. Bununla yanaşı, YAP üzvlərinin qeydiyyatı və hesabatlılıq sisteminin yaradılması üçün maliyyə vəsaitinin ayrılmasına razılıq verildi. Partiyanın önəmli qərarlarından biri də millət vəkili Hikmət Babaoğlunun Milli Məclisdə YAP deputatları üzrə əlaqələndirici vəzifəsinə seçilməsi oldu.
Bu səbəbdən Hikmət Babaoğlu digər vəzifəsindən - “Yeni Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsindən azad edildi.
Barəsində alınmış qərarla və YAP-da gedən proseslərlə bağlı “Şərq”ə açıqlama verən deputat Hikmət Babaoğlu deyib ki, Azərbaycanda həyata keçirilən dərin islahatların bir istiqaməti də ölkəmizin siyasi sistemini və onun struktur elementlərini əhatə edir. Parlament üzvü bəyan edib ki, hazırda qalib xalq kimi öz inkişaf tariximizin tamamilə yeni bir mərhələsinə qədəm qoymaqdayıq:
“Bu mərhələ milli özünüdərkin, milli şüur və qürurun yeni səhifəsi olduğu kimi ölkədaxili münasibətlərdə keyfiyyətcə yeni demokratik ənənələrin də yarandığı mərhələdir. Hələ 2020-ci ildə keçirilən parlament seçkilərindən sonra siyasi proseslərdə olan dinamikliyi və bunun gətirdiyi yeni siyasi konfiqurasiyanı gördük. Prezident İlham Əliyev siyasi partiyalar arasında baş tutmuş dialoqu və yaranmış yeni konfiqurasiyanı yüksək qiymətləndirərək, islahatların daha da dərinləşəcəyini bildirmişdi. Çox keçmədən Prezident Admnistirasiyası siyasi partiyalar və qanunverici orqanla iş şöbəsinin müdiri Ədalət Vəliyevin təşkilatçılığı ilə intensiv iqtidar-müxalifət dialoqunun və bunun qısa müddətdə necə böyük nəticələr verdiyinin şahid olduq. 44 günlük Vətən müharibəsində son 30 illik siyasi münasibətlər tariximizdə bir ilk yaşadıq. Ölkəmizdə fəaliyyət göstərən 48 siyasi partiya milli maraqlar ətrafında monolit birlik və həmrəylik nümayiş etdirməyi bacardı. Bu birlik həm daxili ictimai-siyasi münasibətlərimizin kütləvi auditoriyasına, həm da xaricə verilən ciddi mesaj kimi yadda qaldı. 2021-ci ilin mart ayının 5-də isə hakim Yeni Azərbaycan Partiyasının 7-ci qurultayı oldu. Əslində bu qurultay istər struktural, yenidən təşkil olunma, istərsə də idarəetmədə mühüm dəyişikliklərlə yadda qaldı.Yeni ictimai-siyasi çağırışlar əsasında nizamnamə qəbul edildi. Bu nizamnamədən irəli gələn çoxsaylı mühüm dəyişikliklərdən biri də əsas iş yeri partiya strukturları olan şəxslərin digər iş yerlərində ödənişli əsaslarda paralel çalışmalarının məhdudlaşdırılması idi. Ona görə də xeyli sayda rayon və şəhər təşkilatlarımızın rəhbərləri olan deputatlarımız və digər qurumlarda fəaliyyət göstərən üzvlərimiz əsas iş yerlərində qalmaqla partiya strukturlarındakı vəzifələrindən ayrıldılar. Ya da tərsinə, partiya strukturlarına cəlb edilməklə əvvəlki iş yerlərindəki fəaliyyətlərinə xitam verdilər”.
H.Babaoğlu vurğulayıb ki, YAP-ın parlament qrupu ilə partiyanın Mərkəzi Aparatı arasında bir əlaqələndiricinin olması zərurəti yaranmışdı:
“YAP İdarə Heyəti qəbul etdiyi qərarla bu ələqələndirmə funksiyasını mənə həvalə etdi. Bu böyük etimada görə partiyamızın Sədri başda olmaqla, İdarə Heyətinin hər bir üzvünə və əməyi keçən hər kəsə təşəkkür və minnətdarlığımı bildirirəm. Bu funksiyanın nədən ibarət olduğuna gəldikdə isə deməliyəm ki, YAP ümümxalq partiyası kimi ictimai-siyasi həyatımızda mühüm rol oyanmaqla yanaşı, həm də siyasi sistemimizin lokomotivi qismində çıxış edir. Hakim partiya kimi digər bütün sahələrdə olduğu kimi qanunvericilik sahəsində də öz parlament qrupu vasitəsilə çoxsaylı təşəbbüslər irəli sürür. Eyni zamanda ölkəmizdə və ondan kənarda baş verən hadisələrə, o cümlədən tərəfdaş və siyasi rəqib olduğumuz siyasi partiyalarla münasibətlərdə vaxtaşırı YAP-ın mövqeyinin bildirilməsi zərurəti yaranırdı. Bu sahədə də əlaqələndirmə xüsusi əhəmiyyət kəsb edir. Ona görə ilk dəfə olaraq məhz bu yeni sosial siyasi sifarişlər kontekstində bir əlaqələndirici missiyası yaradıldı. Bu hadisənin özü YAP-ın struktural təşkili çərçivəsində qiymətləndirilməlidir. Məqsəd isə ondan ibarətdir ki, siyasi sistemimiz daha dinamik, çevik və səmərəli fəaliyyət göstərməklə milli maraqlarımızın qorunması işində Azərbaycan dövlətinin yanında olsun”.
İsmayıl Qocayev