Həşim Səhrablı: “Rəsmi Tehran istəmir ki, Azərbaycan Xəzərdə güclü bir ölkəyə çevrilsin”
Xəbər verdiyimiz kimi, Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Hikmət Hacıyev görüşlə bağlı Tviter səhifəsində paylaşım edib:
“Bizi ziyarət etdiyiniz üçün sizə təşəkkür edirəm.
Həqiqətən də gündəlikdəki ikitərəfli məsələlər üzrə səmərəli müzakirələr apardıq və gələcək perspektivləri nəzərdən keçirdik”.
İran səfiri də görüş barədə Tviterdə paylaşım edib:
“Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdən məmnunam. İkitərəfli əlaqələrimizin inkişafını və ümumi maraq doğuran məsələləri müzakirə etdik”.
Zaman-zaman iki ölkənin rəsmi nümayəndələrinin görüşü keçirilib, müəyyən fikir mübadiləsi aparılıb, qarşılıqlı əlaqələrdən söhbət açılıb. Bu baxımdan belə görüşlərin keçirilməsi gözləniləndir. Ancaq İranın nə istədiyi suallar doğurur. Çünki cənub qonşumuzun yük avtomobillərinin Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsinə daxil olmasına dair fakt müəyyən edilib.
Görüşü “Sherg.az”a şərh edən hərbi-siyasi ekspert Həşim Səhrablınını sözlərinə görə, İran-Azərbaycan münasibətləri dünyadakı digər ölkələr arasında olan münasibətlərdən çox fərqlidir:
Analitik vurğulayıb ki, İran Azərbaycana bütöv dövlət olaraq ərazi iddiasındadır, bunu da açıq formada səsləndirirlər, Azərbaycana öz əraziləri kimi baxırlar:
“Ona görə də İranın milli maraqlarında Azərbaycanın inkişafı və dünyəvi gücə çevrilməsi qəbuledilməzdir. Bu, İranın gələcək dövlət maraqları üçün ciddi təhlükə yarada bilər. Bu səbəbdən də İran ölkəmizin müstəqillik əldə etdiyi ilk günlərdən anti-Azərbaycan siyasətini yürüdür. Bunu Qarabağa qanunsuz silah daşınmasında, 2001-ci ildə Xəzərin statusu ilə bağlı İran Hərbi Hava Qüvvələrinin Azərbaycana güc göstərməsində, Qarabağ azad edildikdən sonra İranın oradakı separatçılara dəstəyində gördük. Rəsmi Tehran Türkiyənin Azərbaycan Hərbi Dəniz qüvvələrinin təkmilləşdirilməsində verdiyi dəstəyi qəbul edə bilmədi. İran çox yaxşı başa düşür ki, Azərbaycan xüsusi təyinatlı qüvvələri və digər qoşun növlərində çox inkişaf edib, hərbi gücümüzün qarşısı alınmaz nöqtədədir. Ancaq hərbi donanma məsələsində İrandan qat-qat zəifik. Onlar da bunu özləri üçün bir üstünlük kimi qoruyub-saxlamağa çalışırlar. Ona görə də istəmirlər ki, Azərbaycan Xəzərdə güclü bir ölkəyə çevrilsin”.
Hikmət Hacıyevlə iranlı səfirin görüşünə gəlincə, H.Səhrablı qeyd edib ki, bu, Azərbaycan dövlətinin düşünülmüş addımıdır:
“Azərbaycan heç bir halda sərhədlərində özündən güclü və ya zəif olan ölkələrlə qarşıdurma yaşamaq istəmir. Yəni normal dövlətçilik təfəkküründə siyasət yürüdür. Ona görə də Hikmət Hacıyev Prezident Administrasiyasının ən önəmli üzvlərindən biri olaraq İranla Azərbaycan arasındakı mümkün gərginliyi azaltmağa çalışır. Sözügedən təmaslar da bu yöndə olub. Müzakirələrin nə qədər uğurlu olacağı İranın anti-Azərbaycan siyasətinə bağlı olaraq dəyişəcək”.
Ekspertin sözlərinə görə, İranın nə istədiyi hər kəsə məlumdur:
“Rəsmi Tehran heç bir halda güclü Azərbaycan yox, özündən dəfələrlə zəif olan Azərbaycan dövləti istəyir. Buna görə də Ermənistana bacardığı qədər dəstək verir, Qarabağda separatçıların məhv edilməsinə əngəl yaratmağa çalışır. Hazırda Rusiya İranın yaxın tərəfdaşlarından biridir. Ona görə də Azərbaycanı neytrallaşdırıb, özündən asılı vəziyyətə salmağa çalışır, regionda güc nisbətinin dəyişməsini istəmir. Fikrimcə, İranın anti-Azərbaycan siyasəti davam edəcək. Çünki dövlət maraqları bunu tələb edir. İran öz istəkləri ilə belə addımı atmır, sadəcə buna məcbur qalıb”.
Yegane Bayramova