İran Prezidenti hökumət başçısı olduğu müddətdə öhdəliklərini icra etməyə çalışacaq
İran prezidenti Məsud Pezeşkian İslam Respublikası tarixində xalqdan üzr istəyən ilk dövlət başçısı olub, və bu, onun yüksək xarakterini nümayiş etdirir.
İran hökumətinin sözçüsü Fatimə Mühacirani prezidentin xalqdan üzr istəməsini onun daxili və mənəvi zənginliyinin bir nümunəsi kimi qiymətləndirib.
Bir neçə gün əvvəl Pezeşkian, elektrik enerjisi çatışmazlığı səbəbilə vətəndaşlardan üzr istəmişdi.
Qeyd edək ki, Məsud Pezeşkian İran parlamentinin Ali Mədəni İnqilab Şurasının təsdiq elətdirdiyi “Hicab qanunu”nun icrasının qarşısını aldıqdan sonra mühafizəkar siyasi cərəyana bağlı qrupların tənqidləri ilə qarşılaşıb. Cümə imamları, radikal din xadimləri və millət vəkilləri onu üzərinə düşən vəzifələri yerinə yetirməkdən boyun qaçırmaqda ittiham ediblər.
Bir neçə gün qabaq isə Tehranın Keşavərz meydanında SEPAH-a bağlı “Bəsic” (könüllülər ordusu) üzvləri Məsud Pezeşkiana qarşı aksiyası keçiriblər.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan "Sherg.az"a bildirib ki, Məsud Pezeşkian xalqa ədalətli olacağı, sosial ədaləti gözləyəcəyi, korrupsiyaya qarşı mübarizə aparacağı və aradan qaldıracağı, həmçinin digər bu kimi sosial məsələlərlə bağlı vədlər verib:
"İran Prezidenti hökumət başçısı olduğu müddətdə öhdəliyinə götürdüyü işlərə əməl etməyə çalışacaq. Həmçinin o, bunları etmədiyi təqdirdə istefa edəcəyini deyib. Amma indiki şəraitdə Pezeşkianın istefası ilə bağlı yayılan xəbərlər reallığı əks etdirmir və gözlənilmir. Çünki o, cəmi 5 aya yaxındır ki, hökumət başçısıdır. Bu müddət ərzində regionda çox böyük hadisələr baş verib. Eyni zamanda Pezeşkianın cəmiyyətlə yeni təmaslarının ölkədəki bir sıra sosial problemlərlə bağlı açıqlamalar verəcəyi və müəyyən qurumlarla görüş keçirəcəyi istisna edilmir".
Politoloq İran xalqı arasında "İffət və Hicab qanunu"na qarşı etirazlardan bəhs edib:
"Hökumət bu qanunun yumşaldılması üçün parlamentə müraciət edəcək. Çünki "İffət və Hicab qanunu" İran Prezidentinin seçkiqabağı verdiyi vədlərlə ziddiyyət təşkil edir. Pezeşkian hicabla bağlı qayda-qanunların sərtləşməsinin əleyhinə çıxıb. O, seçkiqabağı kompaniyada söz verib ki, qanunun sərtləşməsi qarşı çıxacaq və bunu pozanların sərt cəzalandırılmasına yol verməyəcək. Hətta Pezeşkian hakimiyyətə gəldikdən sonra hicaba nəzarət edən polis orqanı ləğv edildi və icrası daxili işlər orqanına həvalə edildi".