Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Batumidən vətəndaşlara mesaj göndərib. O, bildirib ki, 2-3 oktyabrda Tbilisidə olacaq. Saakaşvili həmin vaxt üçün həmvətənlərini şəhərin mərkəzində Azadlıq meydanına çağırıb.
Xatırladaq ki, daha əvvəl o Gürcüstanın Batumi şəhərində olması barədə “Facebook” hesabında videomüraciət yaymışdı.“Sizdən bir xahişim var: ayın ikisində hamımız seçkilərə gedərək “Milli Hərəkat”a (Saakaşvilinin müxalif “Vahid Milli Hərəkat” partiyası-red.) səs verəcəyik...
Bu bütün Gürcüstan üçün həlledici seçkidir. İkinci gün səsləri birlikdə sayacağıq və 3 oktyabrda Rustavelidə, Azadlıq Meydanında toplaşacağıq. 100 min nəfər olduğumuzda heç kim bizi məğlub edə bilməyəcək. Əlbəttə ki, mən də sizə qoşulacağam... Ayın ikisində və üçündə sizinlə birlikdə Tbilisidə olacağam. Bütün ümidlərim sizədir, xahiş edirəm, aktiv olun” - deyə Saakaşvili video mesajında bildirib.
Saakaşvilinin Gürcüstana gəlişi bağlı ajiotajın Gürcüstan ictimaiyyətini çoxdan məşğul etdiyini deyən siyasi analitik Turab Rzayev “Sherg.az”a açıqlamasına görə, bir çoxları düşünürdü ki, o, keçən seçkidə olduğu kimi söz verib gəlməyəcək, bir çoxları isə gələcəyinə inanırdı:
“Əslində həqiqi Saakaşvili tərəfdaşları onun gəlməyini səbirsizliklə gözləyirdilər ki, məhz o, gəlib hadisələri yerində otuzdura bilər. Çünki Saakaşvili olmadan komanda daxilində vahid qərar mərkəzi formalaşmır, pərakəndəlik hökm sürür, komandada pozulma, mərkəzdən qaçma meylləri yaranır. Buna görə də onun gəlməsi xüsusilə partiyası üçün önəmli idi. Lakin bu dəfə Saakaşvilinin gələcəyi dəqiq bilinmirdi. Hətta bu yaxınlarda onun ayın 2-nə olan biletinin şəkli yayılmışdı. Düşünürdüm ki, bəlkə, bunu hökumətə yaxın qüvvələr Saakaşvilini qəsdən gözdən salmaq üçün yayıblar. Yəni “bu bileti yayacağıq və o, gəlməyəcək, biabır olacaq” ”.
T.Rzayev Saakaşvilinin videosu ilə bağlı üç fərqli nüansın olduğunu diqqətə çatdırıb:
“Birincisi, Saakaşvili hökumətdən xəbərsiz gəlib Batumiyə çıxır, orada video paylaşa bilirsə və hökumət bundan xəbər tutmursa, bu, hökumət üçün biabırçı bir məqamdır. Halbuki onlar Saakaşvili haqqında cinayət işi açıb onu axtarışa veriblər. İkincisi, Saakaşvili ölkəyə leqal yollarla yox qanunsuz şəkildə daxil olub və video çəkibsə, bu, yenə də Gürcüstan hökuməti üçün biabırçı bir haldır. Üçüncüsü isə, Saakaşvili həmin videonu Feysbuk hesabında yayımlayıb. O, Tiflisdəki mitinqə gəlməsə və ya həqiqətən Batumidə olmasa, artıq ona inanların sonuncu mübarizə əzmi və inamı öləcək. Bundan sonra heç kəs Saakaşvilinin qayıdacağına inanmayacaq. Düşünürəm ki, Saakaşvili həqiqətən Batumidədirsə, var gücü ilə ayın 2-nə təyin etdiyi mitinqlərə həddindən çox insanın qatılmasına nail olmalı, bununla qarşıdakı seçkilərə təsir göstərməli və hökuməti erkən seçki keçirməyə məcbur etməlidir”.