Kremlin “Vardanyan tuzu”! – “Azərbaycanın əlindəki kartlar onu heçə endirir”

“Rusiya Vardanyanla iki hədəfə daş atır:"Bu hədəflər həm Azərbaycan, həm də Ermənistandır”

“Sergey Lavrovun bəyanatlarındakı “razılıq qoxusu” isə onu göstərir ki, Azərbaycan situativ də olsa, Vardanyan oyununa maneə yaradaraq Rusiyanın Qarabağdakı “nizamını” pozub” 

Rəsmi Moskvaya Ermənistan tərəfinin Laçın yolu ilə mina daşımasına dair məlumatlar verilib və bu məlumatlar hazırda araşdırılır”.
Bunu xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.

Rusiya XİN rəhbəri vurğulayıb, üçtərəfli bəyanatlara əsasən, Laçın yolu hər iki istiqamətdə nəqliyyat vasitələrinin keçidi üçün sərbəst olmalıdır: “Təbii ki, orada ayrıca qeyd olunub ki, bu marşrutla heç bir hərbi yük göndərilməməlidir. Azərbaycanlılar məlumat veriblər ki, Ermənistan tərəfi bu yol vasitəsilə minalar daşıyıb və daha sonra onlardan üçtərəfli bəyanatlara zidd olaraq Azərbaycan mövqelərinə yaxın ərazilərin minalanması üçün istifadə edilib. Hazırda hərbçilərimiz bu məlumatları araşdırır”.

Məsələni "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Aqşin Kərimov vurğulayıb ki, Kreml reallıqlarla barışmağa başlayır:

"Şuşa-Xankəndi yolundakı aksiyalar hələ ki, Azərbaycan üçün mütləq nəticələr hasil etməyib. Bununla belə bu aksiyalar hədəfə gedən yolda Bakının strateji qərarlarına stimul verir və Moskva bu reallıqlarla barışır. 
Rusiya Azərbaycandakı təbii sərvətlərin istismarına şərik olmaq istəyir.  Əslində Bakı üçün hüquqi-iqtisadi müqavilələrlə belə razılaşmaq məqbul görünür. 

Rusiya isə təbii sərvətlərə əl qoymaq niyyətindədir və bunu gələcək ssenarilər üçün oyun şəklində qurur. 
Ruben Vardanyan Rusiyanın Bidzina İvanaşvili formatındakı layihəsi ilə oxşarlıq təşkil edir. Yəni  Vardanyanı Rusiya üçün “tuz” hesab etmək olar. Amma Azərbaycanın əlindəki kartlar onun dəyərini heçə endirə bilir".

Analitik qeyd edib ki, Rusiya Vardanyanla iki hədəfə daş atır: 

"Bu hədəflər həm Azərbaycan, həm də Ermənistandır.

Sergey Lavrovun bəyanatlarındakı “razılıq qoxusu” isə onu göstərir ki, Azərbaycan situativ də olsa, Vardanyan oyununa maneə yaradaraq Rusiyanın Qarabağdakı “nizamını” pozub. 

Azərbaycan Qarabağdakı ermənilərlə təmasları davam etdirir və bu Vardanyana zərbə vurmaq gücündədir. 
Vardanyanla bağlı görünənlər Rusiyanın taktiki planıdır, görünməyənlər isə strateji layihəsinin miqyasının ölçüləri haqqında təəssüratlar yarada bilər. 

Vardanyan indi üçün Rusiyaya lazımdır, lakin Bakı-Moskva körpüsündəki danışıqlardan sonra onun Qarabağı tərk etməsi baş tuta bilər".