Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə Berlinə səfər edəcək.
Zelenskinin mayın 13-də Almaniyaya gedəcəyi gözlənilir. Onun təyyarəsi Berlin hava limanının hərbi hissəsinə enəcək.Almaniyanın güc strukturları artıq Ukrayna prezidentinin gəlişi ilə bağlı hazırlıq görürlər. Qeyd edək ki, Mayın 14-də Zelenski Kansler Olaf Şolts tərəfindən qarşılanacaq. Bundan sonra danışıqlar və mətbuat konfransı baş tutacaq. Günorta saat 12 radələrində onun Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə söhbəti planlaşdırılır. Bundan sonra Ukrayna prezidentinin helikopterlə Aaxenə uçuşu nəzərdə tutulur. Orada Zelenskiyə Böyük Karl mükafatı veriləcək. Elə həmin gün Volodimir Zelenski xüsusi təyyarə ilə Ukraynaya qayıdacaq. Xatırladaq ki, Zelenski mayın 3-də Finlandiyaya gözlənilməz səfər edib. O, bir sıra ikitərəfli görüşlərdə iştirak edib.
Səfərin gözlənilən olduğunu deyən AĞ partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı "Sherg.az"a vurğulayıb ki, Zelenskinin səfər etdiyi ölkələrə diqqət yetirmək lazımdır:
"Müharibə yeni başlayanda Zelenski tez-tez Avropa ölkələrinin biganəliklərini dilə gətirirdi. Həmçinin yaxın zamanda Ukraynanın əks-hücum əməliyyatlarına başlayacağı ilə bağlı da məlumatlar yayılıb. Bu isə gözləniləndir. Çünki Ukrayna çətin qış dönəmini geridə qoydu. Hətta Zelenski əks-hücum əməliyyatlarına Krımdan başlayacağını bildirmişdi. Bütün bunların fonunda isə onun səfər etdiyi ölkələrə diqqət yetirmək lazımdır.
Finlandiya günlər öncə NATO-ya üzv qəbul edildi. Ona görə də Zelenskinin Avropa səfərini Finlandiyadan başlaması təsadüfi deyil. Digər tərəfdən Ukraynaya Avropadan gələn dəstək də, müəmmalı mövqe sərgiləyən ölkələr sırasında birinci yerdə Almaniya gəlir. Hətta Almaniya silah verilməsində ya zamanı uzadırdı, ya da dünyanın gözlədiyi silahları Ukraynaya verməkdən boyun qaçırırdı. Hollandiya da Ukraynaya dəstək verən, amma yetərli olmayan ölkələrdəndir.
Yəni biz ABŞ, Böyük Britaniya və.s ölkələrin verdiyi dəstək qədər Almaniya və Hollandiyanın yardımını görmürük. Ümumiyyətlə ola bilər ki, Zelenski Almaniyanın ardından digər Avropa ölkələrinə də səfərlər etsin. Cox güman ki, Zelenski bu səfərlərlə həmin ölkələrin biganəliyini rəhbərliyin diqqətinə çatdırır və əks-hücum əməliyyatlarına başlayacağı bir dönəmdə dəstək istəyir. Hətta ola bilsin Zelenski onlara bir minnət də qoyur ki, "biz təkcə Ukrayna üçün yox, bütün Avropa üçün döyüşür". Bu isə həqiqətən belədir. Biz hər zaman demişik ki, savaş təkcə Ukrayna və Rusiya arasında yox, Rusiya və Qərbin savaşıdır".
Analitik qeyd edib ki, əgər bu müharibədə Kreml qalib gələrsə, bütün Avropada Rusiya rüzgarı əsəcək:
"Yəni dünyanın iki super gücündən birinin faktiki olaraq üçüncü dünya müharibəsinə başlaması, ABŞ və Avropa üçün böyük təhlükə yaranacaq.
Bu mənada da iki Slavyan xalqını vuruşduran Qərb və Avropa ən azından Ukraynaya dəstək verməlidir ki, müharibədən uğurla çıxsın. Düzdür tam uğurun əldə edilməsini gözləmirəm. Çünki Rusiya kimi bir "ayını" dünya xəritəsindən silmək mümkün deyil. Ancaq onu dünya siyasətində zəiflətmək olar.
Ona görə də təhlükəli bir durum yaranıb və Zelenski bu vəziyyətin fərqindədir. Digər xəbərlər yayılıb ki, Putin 9 mayda parad keçirməyi planlaşdırır. Bu paradda Ukraynanın işğal edilmiş bəzi ərazilərinin adının açıqlanması bu adların içərisində Baxmutun da olması ehtimalı var. Digər tərəfdən Zelenski Almaniyada mükafatın verilməsi normal bir haldır.
Çünki Avropanın savaşına aparan Ukrayna xalqıdır. Onların başında isə Zelenski dayanır. Yəni bu mükafat ruh yüksəkliyi vermək üçündür və bunu təsadüfi saymıram".