Elmar Məmmədyarov: Putinin səfərini şərh etmək üçün gözləmək lazımdır

Həmçinin gözləməliyik ki, Rusiya prezidenti İrəvana gedəcək, ya yox

Avqustun 18-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycana iki günlük rəsmi səfərə gəlib. Onun təyyarəsi bazar axşamı Bakıya eniş edib. Bazar axşamı Rusiya Prezidenti Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə şam edib. 
Putinin Bakıya səfəri ilə bağlı müxtəlif fikirlər mövcuddur. 
Rəsmi Moskva bildirib ki, Putinin səfərində Azərbaycan və Rusiya arasında müttəfiqlik və strateji əməkdaşlığın inkişafı müzakirə olunacaq. Ermənistan tərəfindən də səfərlə bağlı müxtəlif fikirlər gəlməkdədir. Erməni politoloq Akop Badalyan söyləyib ki, Putinin Bakıya gecə səfəri, Əliyevin qonaqpərvərlik göstərməsi, şübhəsiz ki, yaxınlığı vurğulayan haldır. O bildirib ki, liderlərin başqa bir ölkədə gecələməsi siyasi sferada mühüm önəm daşıyır:
“Maraqlıdır, bu ideyanın (gecə səfərinin – red.) müəllifi Rusiya tərəfidir, yoxsa Azərbaycan? Bu, sadəcə, bir mərasim detalı deyil, dövlət başçılarının səfərləri zamanı buna xüsusi əhəmiyyət verilir, çünki özündə siyasi mesajları ehtiva edir.
Yaddaşım məni yanıltmırsa, 2005-ci ilin martında Putin Bakıya səfər etdi, oradan İrəvana gəlməli idi. Mətbuatda belə bir fikir yazılmışdı: İrəvan elə işləyib ki, Putin Azərbaycanda deyil, Ermənistanda gecələsin. Putin İrəvana az qala gecə yarısı gəlmişdi”. A.Badalyan qeyd edib ki, bu kiçik, lakin əhəmiyyətli detal cari səfərin (Putinin Azərbaycana gəlməsinin – red.) böyük gündəliyinin bir parçasıdır.

Rusiya prezidentinin Bakıya gəlişini “Sherg.az”a dəyərləndirən sabiq xarici işlər naziri Elmar Məmmədyarov vurğulayıb ki, Putinin sonuncu dəfə Azərbaycana 2018-ci ildə gəldiyi hər kəsə məlumdur:


“Rusiya ilə qonşu ölkə olduğumuz üçün müzakirə olunacaq müəyyən məsələlər var. Amma Putinin səfərini şərh etmək üçün gözləmək lazımdır. Baxmaq lazımdır ki, səfər çərçivəsində hansı məsələlər müzakirə olunacaq və sənədlər imzalanacaq. Yəni səfər yekunlaşdıqdan sonra müəyyən şəkildə açıqlama vermək olar. Həmçinin gözləməliyik ki, Rusiya prezidenti İrəvana gedəcək, ya yox. Amma Ermənistan “Roma statutu”nu qəbul etdiyinə görə Putinin Ermənistana getməsində problemlər var. Ümumilikdə isə Putinin Bakıya gəlməsi çox vacib məsələdir. Çünki Rusiya və Azərbaycan arasında münasibətlər, xüsusilə də nəqliyyat sahəsində əlaqələr geniş şəkildə inkişaf edir. Yeni açılacaq infrastruktur layihələr Rusiya, Azərbaycan və İran üçün çox əhəmiyyətlidir”.