Qarabağda konsulluq açmağın məntiqi yoxdur - AÇIQLAMA

Əgər Rusiya israr edirsə, deməli, burada başqa məqamlar var

  Rusiya Xarici İşlər Nazirliyinin konsulluq departamentinin rəhbəri Aleksey Klimov bildirib ki, Azərbaycan ərazisində Rusiyanın yeni xarici nümayəndəliklərinin açılması məsələsi siyasi səviyyədə işlənir. Onun sözlərinə görə, Azərbaycan tərəfi ilə müvafiq sazişlər yekunlaşdıqca XİN-in konsulluq departamenti də onlarla bağlı əməli addımların həyata keçirilməsinə qoşulacaq.
  Politoloq Azər Qasımov "Sherg.az"a bildirib ki, Rusiyanın bu israrının hansısa plana əsaslandığı mütləqdir. Ekspert vurğulayıb ki, Azərbaycan təbii ki, Rusiya ilə münasibətlərinin pozulmasını istəmir və bu məsələyə hələlik ciddi fikir bildirmir: 

"Rusiyanın israrının kökündə bizim dövlət maraqlarımıza toxunan məsələ ola bilməz. Amma hansısa gizli məqamların olması ehtimalı var. Məsələn, ermənilərə aid məqamlar varsa, bu, artıq Azərbaycanın dövlət maraqlarına təhdid deməkdir. Məntiqlə Qarabağda konsulluq açmaq məsələsi heç bir halda məqbul sayılacaq hal deyil. Əvvəla, Qarabağda nə rus, nə də erməni var. Orada konsulluq açmağın məntiqi yoxdur. Əgər Rusiya israr edirsə, deməli, burada başqa məqamlar var".
  Analitikin fikrincə, Rusiyanın ermənilərlə bağlı planları qalmaqdadır: "Qarabağ ərazisində yaşamış rusların Azərbaycan vətəndaşlığı olmadığı halda orada yaşaması mümkün deyil. Bunun üçün hüquqi prosedurlar həll olunmalı, yəni Azərbaycan vətəndaşlığı alınmalıdır. Ümumən, Rusiyanın Qarabağda konsulluq açmaq istəyi və israrı yersizdir. Bu, Azərbaycan dövlətinin maraqlarına uyğun gəlmir. Əgər Rusiyanın diplomatik korpus təmsilçiləri konsulluq adı altında Qarabağda istirahət üçün yer axtarırlarsa, Azərbaycan dövləti onlara Qarabağdan kənarda şərait yarada bilər".