İrəvan təhlükəli oyunun içindədir və bu onlara ağır başa gələcək -ŞƏRH

Ermənistanı fəlakət gözləyir

Qərbin məqsədi Cənubi Qafqazda vəziyyəti yenidən qarışdırmaqdır


  Ermənistanın "saziş imzalayaq" hay-küyü ilə əslində real sülhdən uzaqlaşması, Bakının haqlı tələblərini yerinə yetirməkdən imtina etməsi danılmaz faktdır. Ermənistanın davamlı silahlanması və Qərb ölkələri ilə hərbi təlimlər keçməsi də bunun isbatıdır. Son günlər separatçı tör-töküntülərin aktivləşməsi də müşahidə olunur. Məhz belə məqamda cənab Prezident İlham Əliyev Cəbrayılda sakinlərlə görüşündə Ermənistana növbəti dəfə xəbərdarlıq edib. Dövlət başçısı antiterror əməliyyatlarını xatırladıb: "Ermənistan təhlükəli oyunlara qoşulub, İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Onların yadından çıxmasın ki, necə diz üstə bizdən imdad diləyirdilər, necə Rusiyaya gündə bəlkə 10 dəfə ən yüksək səviyyədə müraciət edirdilər ki, müharibə dayandırılsın. Antiterror əməliyyatı onların yadından çıxmasın. Yadından çıxmasın ki, hətta o coğrafiyada biz istədiyimizə nail ola bilmişik. Heç kimə baxmadan, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik". Ölkə rəhbəri Qərbin bəzi ölkələrinin ikiüzlü siyasətini də tənqid edib: "Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur, torpaqlarımızın təxminən 20 faizini işğal edib, etnik təmizləmə siyasəti aparıb, Xocalı soyqırımını törədib, bütün şəhər-kəndlərimizi viran qoyub. Hansısa Qərb dövlətinin rəsmi nümayəndəsi bir dəfə onlara irad tutubmu? Xeyr". Prezident bəyan edib ki, Minsk qrupu ancaq bu işləri malalamaqla, erməni işğalına müəyyən dərəcədə bəraət qazandırmaqla və Azərbaycanı alçaldıcı sülhə təhrik etməklə məşğul olub: "Biz bütün beynəlxalq platformalarda haqq səsimizi ucaldanda bizə deyirdilər ki, sizin sözləriniz çox kəskindir. Bu kəskin ritorika sülhü yaxınlaşdırmır, sülhü uzaqlaşdırır. Müharibənin, bu münaqişənin hərbi həlli yoxdur. Yəni bu işğalı əbədi etmək üçün Fransa və onun kimi Qərb dövlətləri əllərindən gələni edirdilər".
 
 Dövlət başçısının toxunduğu məqamları "Sherg.az"a dəyərləndirən siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu deyib ki, Ermənistan hər davranışı ilə nümayiş etdirir ki, sülh ritorikasında səmimi deyillər. Professorun sözlərinə görə, onsuz da Ermənistanın bir dövlət kimi mahiyyətinə ötən illər ərzində çox yaxşı bələd olmuşuq:

 "Ermənistan keçmiş münaqişə vəziyyətində də ancaq imitasiyalarla məşğul idi. Müzakirələrdə iştirak edir, Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlı olduğunu bildirirdi, amma torpaqlarımızı işğal altında saxlamaqda davam edirdi. Bununla yanaşı təxribatlarını da davam etdirir. Hətta yeni ərazilər işğal etmək istəyini də nümayiş etdirirdi. O baxımdan bizim üçün Ermənistanın yenə də saxta ritorika sərgiləməsi gözlənilməz deyil. Bu, bizi təəccübləndirmir. Amma vəziyyət dəyişib. Azərbaycan Prezidentinin də vurğuladığı kimi, Ermənistan almış olduğu dərslərdən nəticə çıxarmalıdır. Biz keçmiş münaqişə vəziyyətində də Ermənistana və onun havadarlarına çağırışlar edirdik ki, məsələ dinc vasitələrlə tənzimlənsin. Lakin Ermənistan kənardan, Qərbdən aldığı dəstək sayəsində Azərbaycan torpaqlarını işğalda saxlamağa davam edirdi. Belə olan halda Ermənistanın növbəti təxribatlarının qarşısını almaqla yanaşı, torpaqlarımızın işğaldan azad olunması əməliyyatlarına da başladıq. 44 gün ərzində ərazilərimizin əhəmiyyətli hissəsini Ermənstanın işğalından azad etdik. İrəvan kapitulyasiya sənədinə imza atmaq məcburiyyətində qaldı. 2023-cü ildə isə antiterror əməliyyatlarını həyata keçirərək separatizmin kökünü kəsdik. Bu, dünya üçün uğurlu, müsbət bir təcrübə idi. Göstərdik ki, separatizmlə mübarizə aparıb onun kökünü kəsmək mümkündür. Beləliklə biz ərazi bütövlüyümüzü tam təmin etdik. Bu, Azərbaycanın gücünün, iradəsinin göstəricisi idi. Ən əsası isə özümüzün güc mövqeyini təyin etdik. Ermənistan bütün nəticələri görməlidir. Çünki bu nəticələri hasil edən Azərbaycan dövləti, onun rəhbəri və ordumuzdur". 
 
 Parlament üzvü vurğulayıb ki, Ermənistan hansısa avantüralara uyaraq Azərbaycana qarşı çıxmaq ümidlərini bəsləyirsə, gələcəkdə bu onun fəlakəti ilə nəticələnəcək: 
"Azərbaycan müqayisə olunmayacaq dərəcədə Ermənistandan bütün mənalarda güclüdür. Ermənistan bir alət kimi istifadə olunaraq Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşdirilməsi istiqamətində istifadə olunmaqdadır. Ermənistan böyük geosiyasi qarşıdurmanın xırda alətinə çevrilib. Bunun müqabilində isə Azərbaycana qarşı çıxmaq imkanlarının yaradılmasını istəyir. Qərb də bunu Ermənistana verir. Ermənistan sistemli şəkildə silahlandırılır. ABŞ ilə hərbi təlimlər keçirlər. Azərbaycana qarşı bəzən təxribatlar törədirlər. Fransa da Ermənistana hərtərəfli dəstək verir. Fransanın lisenziyası ilə Hindistanda istehsal olunan təhlükəli silahlar Ermənistana ötürülür. Ritorik bir sual meydana çıxır. Bütün bunlar Ermənistana nə üçün lazımdır? İşğalçı bir dövlətin silahlandırılmasında məqsəd nədir? Məqsəd əslində çox aydındır - Cənubi Qafqazda vəziyyəti yenidən qarışdırmaq. Qərbə lazım olan budur. Çünki regiondakı qarışıqlıq kənar dairələrə, xüsusən ABŞ və Fransaya müdaxilə imkanları verir. Nəticədə onlar öz geosiyasi ambisiyalarını həyata keçirmək imkanları əldə edirlər. Ermənistan belə bir təhlükəli oyunun içindədir və bu da onlar üçün ağır başa gələcək. Dövlət başçısı da bunu qeyd edir".