Fransa, Avropa İttifaqı, ABŞ Konqresi və Senatı, bir də onların yedəyində gedən USAID Azərbaycan əleyhinə çıxışları ilə tanınırlar. Bir mərkəzdən koordinasiya olunan bu ermənipərəst USAİD son vaxtlar özünün anti-Azərbaycan fəaliyyətinin aktiv fazasına keçib. USAID-in qərəzli və diplomatik etiketə sığmayan açıqlamaları Azərbaycanı sülh danışıqlarında güzəştə məcbur etməyi, eləcə də digər məqsədləri daşıyır. Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib ki, Milli Məclisin deputatları xarici işlər naziri Ceyhun Bayramova məktub ünvanlayıb, ABŞ-la sazişlərə xitam verilməsini, USAID-in layihələrinin dayandırılmasını istəyib. Sədr bildirib ki, Azərbaycan etibarlı tərəfdaşdır . Eyni zamanda Azərbaycan müstəqil daxili və xarici siyasət həyata keçirən, ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin edən ölkədir. Cənab Prezidentin bir kəlamını xatırladım: “Heç kim bizə heç nə diqtə edə bilməz, bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nə lazım biliriksə, onu da edəcəyik”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Sherg.az”a söyləyib ki, bu addımlara ümumi kontekstdən baxmaq lazımdır:
“Təssüflər olsun ki, son dövrlər Amerika Birləşmiş Konqresi və ABŞ Dövlət Departamentində Azərbaycana qarşı bəyanatlar qəbul olunur. Həmişə orada erməni lobbisi fəallıq təşkil edib. İndi isə sanksiya məsələsini qaldırırlar. Onlar dərk etməlidir ki, sözügedən məsələnin genişlənməsi ikitərəfli münasibətlərə ciddi təsir göstərəcək. Əgər Amerika tərəfindən ilkin olaraq addımlar atılmasa, Azərbaycan da cavab addımları verməyəcək. Burada Təkcə USAİD-dən söhbət getmir. Ümumiyyətlə ABŞ Azərbaycanla təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq etmək niyyətindədir. Yəni bizim onlara yox, onların bizə ehtiyacı var. Tarixə nəzər yetirsək görərik ki, Əfqənıstan məsələsi bitdikdən sonra Amerikanın Azərbaycana yanaşması dəyişdi. İndi isə Azərbaycan özü üçün hərbi tərəfdaşlar tapıb və hərbi-silah sursat alır. Ümumiyyətlə USAİD-in rəhbəri Samanta Pauer antiazərbaycan mövqeyi ilə seçilir. Beləliklə ABŞ Konqresi və Dövlət Departamenti tərəfindən rəsmi Bakıya qarşı hansısa addım atılsa, Azərbaycan tərəfindən layiqli tədbirlər görüləcək”.