Ermənistan qırmızı xətti keçsə, cavabı veriləcək- ANALİZ

Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib ki, Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Onun sözlərinə görə, bu, Ermənistanın rəsmi mövqeyidir. Bildirilir ki, o, razılaşdırılmış məqamlar üzrə müqaviləni imzalamağı və həll olunmamış məsələlərin müzakirəsini gələcəyə buraxmağı təklif edib.
Paşinyan həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh müqaviləsi layihəsinin təsdiqini başa çatdırmaq üçün işi gücləndirmək barədə razılığa gəliblər. O, təfərrüatları açıqlamayıb. Paşinyan deyib ki, Ermənistan öz ərazisində bütün kommunikasiyaları açmağa, nəqliyyatın keçidini və Naxçıvanla Azərbaycan arasında boru kəmərinin çəkilməsini təmin etməyə hazırdır: “Beləliklə, Ermənistan qarşılıqlı suverenliyə hörmət etməklə sərhəd nəzarəti prosedurlarını sadələşdirməyə hazırdır”. 

Politoloq Tofiq Abbasov “Sherg.az”a söyləyib ki, Ermənistanın səsləndirdiyi bəyanatların heç biri inandırıcı deyil:

“Ermənistan sülhə deyil, yeni müharibəyə hazırlaşır. Bir neçə gün öncə Ermənistan prezidenti Vaaqn Xaçaturyan da Hamburg şəhərində çıxışı zamanı bildirdi ki, “Ermənistana ən çox lazım olan sülhdür. Eyni zamanda Ermənistan regionda təhlükəsizliyin, sülhün və sabitliyin qatı tərəfdarıdır”. Belə bəyanatlar isə Qərb auditoriyasında günahkarın Azərbaycan olduğu ilə bağlı təsəvvürlər yaradır. Əsas məsələ ondan ibarətdir ki, Vaanq Xaçaturyan Avropa Birliyindən gələn yalançı müşahidə missiyasının fəaliyyətini dəstəkləyib. Guya onlar Ermənistan ərazisində yerləşdikdən sonra insidentlərin sayı azalıb. Əslində isə insidentləri törədənlər elə Ermənistandır. İndiyə qədər qondarma missiyanın nümayəndələri baş verən insidentlərə qarşı heç bir addım atmayıblar. Belə olan halda sual ortaya çıxır ki, Vaaqn Xaçaturyanın təriflədiyi müşahidə missiyasının fəaliyyəti nədən ibarətdir? Ermənistan yeni aldığı silahlar hesabına Azərbaycan ərazilərinə atəşkəs açıblar və həmin müşahidə missiyasının buna qarşı səsi çıxmayıb. Ermənistan bilərəkdən müşahidə missiyasını ora yerləşdirir ki, hansısa problem yaşanarsa, onlardan istifadə etsin. Eyni zamanda Ermənistanın müdafiə naziri silah almaq üçün Suren Papikyan Cənubi Koreyaya səfər etmişdi. Ermənistan silahlanmaq, revanşizmə əl atmaq və Azərbaycanı təhdid etməklə necə sülhə hazırlaşır? Bunların hamısı yalançı vədlərdir və əsas məqsədi beynəlxalq birliyin fikrini mənfur niyyətlərindən yayındırmaqdır. Belə açıqlamarın heç birinin Azərbaycana təsiri yoxdur. Cənab Prezident İlham Əliyev Cəbrayılda yerli sakinlərlə görüşündə bildirdi ki, Ermənistan çox təhlükəli yollara əl atıb. Əgər Ermənistan qırmızı xətti keçsə, Azərbaycan heç kəsdən məsləhət almadan adekvat cavabını verəcək. Ermənistanın Hindistan və Fransa kimi ölkələrdən nə qədər texnika almasına baxmayaraq Azərbaycan qarşısında duruş gətirə bilməyəcək”.