Ehtiyatda olan Polkovnik: Yaxın vaxtlarda sülh müqaviləsi imzalanmayacaq

Bu gedişlə 2025-ci ildə də Ermənistanın bəhanələri bitməyəcək
 
 Oktyabr ayı ərzində Ermənistan Azərbaycanla sülh sazişini imzalamağa hazırdır. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının Moskvada keçirilən toplantısında deyib. Baş nazir bu qərarın ölkəsinin rəsmi mövqeyi olduğunu da sözlərinə əlavə edib. Xatırladaq ki, ötən gün Ermənistan Prezidenti Vaaqn Xaçatryan da noyabrda Bakıda keçiriləcək COP29-a qədər Azərbaycanla sülh sazişi imzalana biləcəyini demişdi. Xaçatryan gec-tez bu məqamın gələcəyini qeyd etmişdi. Ermənistan XİN başçısı Arorat Mirzoyan da mütəmadi olaraq Bakı ilə sülh sazişinin bu ilin sonunadək imzalanmasının mümkünlüyündən danışır. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov isə deyib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin yekunlaşdırılması üçün ikitərəfli danışıqlar kritik yekun mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, proses Azərbaycanın Ermənistanla davamlı, təhlükəsiz və dönməz sülhə nail olmaq üçün güclü öhdəliyini bir daha təsdiq etməyə hesablanıb. E.Əmirbəyov vurğulayıb ki, gələcək sülh sazişi ərazi iddialarına, təcavüzə və ya hərbi münaqişəyə qayıdışı nəzəri cəhətdən də tamamilə qeyri-mümkün etməlidir: "Azərbaycan bu vəbadan kifayət qədər əziyyət çəkib və gələcəkdə bu ssenarinin təkrarlanmasının qarşısını almaq istəyir. Bunun üçün Ermənistan Azərbaycanın suveren ərazisinin bir hissəsi ilə bağlı hazırkı Konstitusiyasında əksini tapmış aşkar ərazi iddialarını təcili həll etməlidir. Sülh yolunda bu əsas maneənin aktuallığını inkar etməklə və nəyin bahasına olursa-olsun, zəif tərtib olunmuş mətni imzalamaq üçün sadə və praktiki olmayan yollar seçməklə Ermənistan, görünür, qonaq otağındakı filə məhəl qoymur. Ölkələrimiz arasında onilliklər boyu davam edən rəqabətin və qarşıdurmanın əsas səbəbini xalçanın altına süpürməyə çalışır. Beləliklə, bu gün top Ermənistanın meydanındadır. Ümid edirik ki, münasibətlərimizin faciəli səhifəsini çevirmək üçün tarixi fürsət əldən verilməyəcək".
 
Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov "Sherg.az”a deyib ki, indiki məqamda, yəni mövcud şəraitdə hansısa sülh sazişinin imzalanmasından söhbət gedə bilməz. Polkovnikin sözlərinə görə, Azərbaycanın şərtləri və tələbləri qarşısında Ermənistanın pozitiv yanaşması və real addımları gözə çarpmır:

 "Ermənistan sadəcə olaraq Azərbaycanı hədəfə gətirməklə məşğuldur. Baş nazir Nikol Paşinyan və digər erməni rəsmiləri BMT, MDB, ümumiyyətlə bütün tribunalardan "Azərbaycanın sülh tərəfdarı olmadığı" görüntüsünü yaratmağa çalışırlar. Guya bütün israrlara rəğmən, Bakı "sülhə yaxın gəlmir". Dövlətimiz haqqında yanlış rəy, xoşagəlməz obraz formalaşdırırlar. Ermənistanın sülhdə istəkli olması tamamilə uydurmadır. Harada, hansı dövrdə görünüb ki, razılaşdırılmış 80 faizlik sənədlə sülh müqaviləsi imzalansın?! Bu, mümkünsüzdür və Ermənistanın riyakarlığıdır. Ötən gün də eyni mənzərənin şahidi olduq. Ermənistan xarici işlər naziri Arorat Mirzoyan jurnalistə deyir ki, "Azərbaycan sülh sazişinin uzadılmasını yubadır". Azərbaycan təklif etdiyiniz yarımçıq sənədi necə imzalasın ki, 4 yaşayış məskənimiz - Qazaxın 3, Naxçıvanın 1kəndi hələ də işğal altındadır. Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddiası qalmaqdadır. Buradan aydın görünür ki, İrəvanın məqsədi, niyyəti heç də real sülh bağlamaq, bölgədə əmin-amanlıq yaratmaq, regional əməkdaşlığa başlamaq deyil. Məqsəd Azərbaycan barəsində mənfi imic formalaşdırmaqdır. Azərbaycanın son zamanlar üzərinə gələn ABŞ və Avropa ölkələri, strukturları da həvəslə öz hesabatlarına əlavə edirlər ki, "baxın, Cənubi Qafqazda Ermənistan sülhə hazırdır, amma Azərbaycan bunu istəmir". Təbii ki, detalları, sülhə mane olan amilləri açıqlamırlar".

Ü.Cəfərov gözləntilərə rəğmən, Moskvada baş tutmayan görüş barəsində də danışıb: 
"Rusiya tərəfi ustalıqla bəyan etdi ki, "bəziləri Azərbaycan-Ermənistan rəhbərliyi arasında görüşün baş tutmasını istəmədi". Moskvada kimlər var idi ki? Azərbaycan dövlət başçısı, Rusiya rəhbəri və Ermənistan baş naziri. Əlbəttə ki, görüşdən imtina edən tərəf Paşinyan idi. Baş nazir Qərbdə söz verib ki, Rusiyanın təşəbbüsləri heç bir görüşdə iştirak etməyəcək. Yaxın vaxtlarda sülh müqaviləsi imzalanmayacaq. Bu gedişlə 2025-ci ildə də Ermənistanın bəhanələri bitməyəcək. Guya sülh sənədi 2022-ci ilin sonunda imzalanacaqdı, həmin tarixdən 2 il ötüb, ortada heç bir irəliləyiş yoxdur. Ermənistan sülh istəmir və məqsədli şəkildə prosesi uzadır. Paşinyan Rusiya rəhbərliyinin görüş cəhdlərinə müsbət yanaşmadı. Halbuki Kreml üçün belə bir görüşün baş tutması önəmliydi. Məqsəd Azərbaycan-Ermənistan XİN başçılarının ABŞ-də keçirdikləri görüşün əhəmiyyətini aşağı salmaq idi. Bu, alınmadı. Nəticədə Rusiyada Ermənistan Baş naziri Nikol Paşinyanı ələ salmağa başladılar, cürbəcür fotolarını yayımladılar. Təəssüflər olsun ki, çirkin oyunlar davam etməkdədir. Bundan əziyyət çəkən isə Azərbaycandır. Ermənistan üzərinə düşən öhdəlikləri icra etmədiyi üçün kommunikasiyalar açılmır, sərhədlər müəyyənləşmir, Naxçıvanla quru əlaqəsi reallaşmır və s. Qərb Ermənistanın nazı ilə oynayır, bunun əziyyətini də Azərbaycan çəkir. Faktiki olaraq real mənzərə bundan ibarətdir".