Silahlı qüvvələrimizin hərbi-texniki arsenalı alyansın standartlarına uyğundur
NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçakın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Qonaqla Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev arasında görüş olub. K.Vəliyev NATO ilə münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirib və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışan Baş Qərargah rəisi hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə ciddi riayət edildiyini və mülki əhalinin hədəfə alınmadığını xüsusi qeyd edib: “Ölkəmiz azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini, eləcə də humanitar minatəmizləmə fəaliyyətini sürətlə davam etdirir. Qarşımızda duran əsas maneə Ermənistanın işğalı nəticəsində yaranmış mina terrorudur”. Baş Qərargah rəisi şərti sərhədin Ermənistan ərazisində Avropa İttifaqının müşahidəçi missiyasının yerləşdirilməsi, habelə regiondan kənar bəzi ölkələrin, xüsusilə Fransanın Ermənistanı silahlandırmasının orada revanşist qüvvələrin baş qaldırmasına, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesinə əngəl yaratmaqla Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olduğunu xüsusi vurğulayıb. General-polkovnik NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində bölmələrimizin hazırlığına böyük töhfə verildiyini bildirib. Əməkdaşlığın bundan sonra da davam etdirilməsinin zəruriliyi qeyd edilib. Qonaqlar, həmçinin Azərbaycan-Ermənistan şərti sərhədində cari vəziyyət barədə də ətraflı məlumatlandırılıb. General-leytenant Y.Adamçak da Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO ilə tərəfdaşlıq çərçivəsində bütün sahələrdə fəaliyyətini yüksək qiymətləndirib. O cümlədən Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş və digər sülhməramlı missiyalarda verdiyi töhfəyə görə minnətdarlığını bildirib. Görüşdə hərbi, hərbi təhsil sahəsində birgə əməkdaşlıq, regional təhlükəsizlik və digər məsələlər müzakirə edilib. Səfər çərçivəsində NATO nümayəndə heyəti Şəhidlər xiyabanında, Hərbi Qənimətlər Parkında, Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində olublar.
Hərbi ekspert, polkovnik-leytenant Elxan Şıxaliyev "Sherg.az”a deyib ki, Azərbaycan Silahlı Qüvvələri ilə NATO-nun "Sülh naminə Tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlıq edir. Ekspert vurğulayıb ki, "Sülh naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələri münaqişə olan bir neçə ölkədə beynəlxalq missiyalarda iştirak edib:
"Azərbaycan Ordusu ilə NATO-nun əməkdaşlığı, Silahlı Qüvvələrimizin sözügedən hərbi strukturun standartlarına uyğunlaşdırılması önəmlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşməsində, Şuşa Bəyannaməsindən sonra Türkiyə Silahlı Qüvvələrinin mini modelinə keçid prosesində, Türkiyə ilə hərbi-texniki əməkdaşlıq və hərbi təhsil sahəsində əməkdaşlıqda azsaylı ölkələrdənik ki, silahlı qüvvələrimiz hərbi alyansın standartlarına uyğunlaşmış haldadır. Sadəcə olaraq bizdə hərbi təhsil Azərbaycan dilində, Türkiyədə türkcə, NATO ölkələrində isə ingilis dilindədir. Hərbi təhsil sistemimiz NATO standartlarına uyğundur. Hərbi-texniki arsenalımız, yəni silahlanma xaric, bütün kriteriyalar üzərindən ən azından 80 faiz NATO standartlarına uyğunlaşdırılmış vəziyyətdədir. Zabitlərimiz fərqli ölkələrin hərbçiləri ilə bərabər hərbi alyansın təlimlərində iştirak edirlər, qərargahlardakı fəaliyyətə qatılırlar. NATO-nun gələcək planlarında Azərbaycanın həmin struktura qatılması ilə bağlı plan olmasa da, Silahlı Qüvvələrimizin həmin standartlarda olması NATO-nun marağındadır".