Müsəlmanlara qarşı nifrət pik həddə çatıb
“Bunun böyük fəsadları olacaq və Avropa öz məkrinin qurbanına çevriləcək. Gündən-günə Avropada artan müsəlmanların bir gün təşkilatlanıb kontroldan çıxması baş verə bilər”
Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Marqaritis Şinas müsəlmanlara qarşı nifrətin pik həddə çatdığını bildirib. Şinas müsəlmanlara qarşı nifrət və irqçiliyin narahatlıq doğurduğunu bildirib: “Müsəlmanlara qarşı nifrət bütün üzv ölkələrimizdə həyəcanverici səviyyələrə çatır. Mətbuatda və ictimai siyasi müzakirələrdə anti-müsəlman nifrətinin artması xüsusilə narahatedicidir”. O, Avropada mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq edilməsi zərurətinə toxunub: "Avropanın bu dialoqdan qorxacağı heç bir şey yoxdur. Birgə yaşamaq və dini dözümlülük Avropanın DNT-sində var. Avropa hər zaman hər kəsin dini inanca sahib olmaq və ya olmamaq hüququnu qoruyacaq". Qeyd edək ki, İslamofobiyaya Qarşı Avropa Birliyinin hazırladığı son hesabatda 2022-ci ildən 2023-cü ilə qədər İslamofobiya hadisələrinin sayında 57 faiz artım olduğu bildirilib.
Politoloq Tural İrfan "Sherg.az"a deyib ki, Qərbdə İslama qarşı nifrəti Avropanın özü və əsasən ABŞ yaradıb. Ekspertin sözlərinə görə, orta əsrlərdən bəri səlibçilik ideologiyasından əl çəkməyən Qərb ölkələri müsəlman xalqlara qarşı istismar, işğal, soyqırımı və anti-təbliğat aparıblar:
"Nifrəti süni şəkildə özləri yaradıblar. Çünki istismar etdikləri müsəlmanlara görə xalqlarını aldatmaq lazım idi. İndi də bu nifrət təbii nifrətə çevrilib. Çünki müsəlman obrazını xalqlarının gözündə mənfi göstəriblər. Fransa Əlcəzairdə genosid törədib, ABŞ Əfqanıstan, İraq, Suriya, Liviyada kütləvi qırğınlar, vandalizm aktları həyata keçirib. Bunları həyata keçirərkən öz xalqlarını da müsəlmanlara qarşı qaldırmaq üçün ideoloqlar nifrət yaradıcı planlar həyata keçirib. Qərb əzilmiş müsəlman xalqlarının öz içindən radikal qruplar, terror təşkilatları yaradaraq sonra da onları sıradan çıxarmaq bəhanəsi ilə yenidən o ölkələri zəbt edib. Özünün yaratmış olduğu terror təşkilatlarının törətdiklərini də müsəlmanların adına yazaraq İslam dininə qarşı nifrət aşılayıb. Məhz bugünkü nifrət ondan qaynaqlanır. Avropanın mədəniyyətlər, dinlər, demokratik dəyərlər, dialoq adına ortaya atılan bütün ideyalar onların məkrli niyyətlərinə, Şərq, müsəlman xalqlarının istismarına, ram edilərək sümürülməsinə hesablanıb. Qərbin müsəlman aləminə bu qədər zülm etməsinə, işğallarına, soyqırımlarına rəğmən bircə müsəlman hələ İncili yandırıb İsa peyğəmbəri təhqir etməyib. Amma ali dəyərlərdən, tolerantlıqdan danışan (sadəcə danışan!) Avropada dəfələrlə İslam Peyğəmbəri təhqir olunub, dəfələrlə Quran, İslam dini təhqir olunaraq yandırılıb. Bunun özü sübut edir ki, İslama və müsəlmanlara qarşı nifrəti Avropa dövlətlərinin ideoloji dairələri məqsədli şəkildə həyata keçirirlər".
Analitikə görə, bunun böyük fəsadları olacaq və Avropa öz məkrinin qurbanına çevriləcək: "Gündən-günə Avropada artan müsəlmanların bir gün təşkilatlanıb kontroldan çıxması baş verə bilər. Əgər belə olsa, ölüm-qalım savaşı olacaq. Çünki o müsəlmanların böyük əksəriyyəti öz ölkəsinə qayıtması mümkün olmayan mühacirlərdir. Onların iki yolu var: ya Avropada normal yaşamaq, ya da ölümü gözə almaq. Tariq bin Ziyad İspaniyanı fəth edəndə gəmiləri boğazdan keçirib sonra yandıraraq öz azsaylı qoşununa demişdi: "Arxada düşmən kimi dərya, qarşıda da dərya kimi düşmən...". Nəticədə İspaniyanı fəth etmişdilər. Çünki başqa çıxış yolları yox idi, gəmilər yanmışdı. İndi Avropadakı müsəlmanların çoxunun gəmisi yanıb. Əgər Avropa onların haqq və hüquqlarına qarşı dinlərinə nifrətlə, Quranı yandırmaqla cavab verəcəksə, nəticə həddən artıq gərgin ola bilər. Bu aqressiyaya getməmək üçün Qərbin institutları düşünməlidir".