Dünən Sahibə Qafarova ilə Alen Simonyanın Cenevrədə görüşü gözlənilirdi. Əvvəlki 2 görüşdən fərqli olaraq bu görüş baş tutmadı. Niyə baş tutmadı? Çünki Ermənistan Zəngəzur məsələsinə razılıq verməkdən imtina edir. Belə bir fonda isə istənilən görüşün elə bir mənası yoxdur.
Axar.az xəbər verir ki, bu barədə Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.
O bildirib ki, Rusiya-Ukrayna müharibəsi Rusiyaya Qərb tərəfindən tətbiq olunmuş sanksiyalar üzərindən Ermənistana ciddi paralar qazanmağa şərait yaratdı:
“Bu isə Ermənistanın manevr imkanlarını genişləndirdi. Məntiqlə Qərb Ermənistana da sanksiya tətbiq etməlidir. Çünki Rusiya Ermənistan üzərindən özünə lazım olan zəruri malların böyük hissəsini alır. Bu isə Rusiyanın ayaqda durmasını təmin edir. Ancaq Qərb onu Ukraynada çıxılmaz vəziyyətə salan Ermənistana nəinki sanksiya tətbiq etmir, əksinə, rəsmi İrəvana daha çox yardım edir.
Azərbaycan sanksiya məsələsində Ermənistan kimi hərəkət etsəydi, Qərb böyük hay-həşir salacaqdı. Onu da deyim ki, Qərb mediasında Ermənistanın sanksiyalar üzərindən ciddi paralar qazanması və Rusiyaya əvəzsiz dəstəyi barədə ara-sıra yazanlar olur. Ancaq bu işi çox da açıb ağartmırlar”.
E.Həsənli xatırladıb ki, son 2 ildə ABŞ və AB (Fransa həm də ayrıca) Ermənistana ciddi maliyyə dəstəyi verir. Bütün bunlar Ermənistanın Azərbaycan+Türkiyə ittifaqına qarşı dirəniş göstərməsinə gətirib çıxarıb:
“Məncə, Azərbaycan da, Ermənistan da ABŞ-da keçiriləcək prezident seçkisinin nəticəsini gözləməyə üstünlük verir. Kamala Harris qalib gəlsə, Ermənistanın mövqeyi daha da sərtləşəcək, yox əgər Donald Tramp qalib gəlsə, hər şey yenidən əvvəlki məcrasına qayıdacaq. Yəni Azərbaycan yenidən Ermənistanı qapazaltı edəcək...
Əlbəttə, Gürcüstanda keçiriləcək seçkinin nəticəsi də Azərbaycan üçün önəmlidir. Hakim Gürcü Arzusu Partiyasının fəxri sədri və hökumətin “boz kardinal”ı Bidzina İvanaşvili qalib gəlsə, bu, Azərbaycan üçün xeyirli olardı. Onun məğlubiyyəti isə Ermənistanın mövqeyini gücləndirə bilər”.
Qeyd edək ki, Simonyan görüşdən Qafarovanın “son anda” imtina etdiyini bildirib.