Parlament seçkilərində qələbədən sonra İvanişvili hakimiyyəti dialoqa isti baxacaq
Gürcüstan oktyabrın 18-də İstanbulda Cənubi Qafqaz üzrə "3+3" platforması çərçivəsində keçiriləcək danışıqlarda təmsil olunmayacaq. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Gürcüstan XİN-in bəyanatında qeyd olunub ki, Gürcüstan İstanbulda keçiriləcək "3+3" platformasının iclasına qatılmayacaq: "Gürcüstan çoxdan bəyan edib ki, göstərilən formatda fəaliyyət qurmur". Qeyd edək ki, "3+3" platforması Cənubi Qafqaz regionunun altı ölkəsi (Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan) arasında geniş əməkdaşlığı nəzərdə tutur. Gürcüstan dəfələrlə bu formatda iştiraka dəvət olunsa da, hələ də onun işinə qoşulmayıb. Platformanın ilk iclası 2021-ci ilin dekabrında Moskvada keçirilib. Rusiya xarici işlər naziri Sergey Lavrov isə İstanbula səfər edəcək. Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Lavrovun Türkiyəyə səfərinin məqsədi İstanbulda keçiriləcək “3+3” Regional Əməkdaşlıq Platformasının iclasında iştirak etməkdir. Zaxarova qeyd edib ki, ölkəsi “3+3” regional əməkdaşlıq formatına Cənubi Qafqazda və Yaxın Şərqdə dayanıqlı sülh və sabitliyə nail olunması üçün səylərin əlaqələndirilməsinin effektiv mexanizmi, ticarət-iqtisadi, nəqliyyat-logostika, mədəniyyət-humanitar sahələrdə qarşılıqlı sərfəli əməkdaşlığın inkişafı üçün imkanlar kimi baxır. Rusiya XİN sözçüsü onu da bildirib ki, İstanbulda məlum tədbir çərçivəsində Lavrovun ikitərəfli görüşləri də planlaşdırılıb.
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Gürcüstan Rusiyaya etiraz əlaməti olaraq bu platformanın iclaslarında iştirak etmir:
"Məntiqlə doğru qərardır, çünki sənin torpaqlarını işğal edən və diplomatik münasibətlərin olmayan ölkə ilə bir masada necə otura bilərsən? Ancaq başqa məntiq də var. Gürcü oliqarx Bidzina İvanişvili və onun nəzarət etdiyi Gürcüstan hökuməti son vaxtlar Rusiya ilə münasibətlərin normallaşması yollarını arayır, Moskvaya yumşaq mesajlar göndərir, Tbilisi eyni zamanda ABŞ və Avropa ölkələri ilə münasibətləri pisləşdirib. Belədirsə, İvanişvili məntiqlə İstanbuldakı toplantıya maraq göstərməli idi. Fikrimcə, İvanişvili Kremllə dialoqa maraq göstərsə də, hələ ki, bunu açıq-aşkar edə bilmir, əks halda parlament seçkisi öncəsində Gürcüstan cəmiyyətinin dəstəyindən məhrum olar. İvanişvilinin nəzarət etdiyi hakim “Gürcü Arzusu” Partiyası 26 oktyabr parlament seçkisində qələbə qazanarsa, bundan sonrakı dönəmdə “3+3” platformasında iştiraka maraq göstərəcək".