Avropa Parlamentinin saxta qətnaməsi Azərbaycan həqiqətlərinə, müstəqil siyasət kursumuza kölgə salmaq cəhdidir
Azərbaycanla Ermənistan arasında davam edən sülh danışıqlarını pozmaq üçün kənar təzyiqlər artıb. Bəzi qərb dairələri, xüsusən də Avropa Parlamenti kimi təşkilatlar sülh danışıqlarının qarşısını ölkəmiz əleyhinə müxtəlif əsassız qətnamələr qəbul edərək və çirkin ittihamlar səsləndirərək almağa çalışırlar. Məqsədləri isə sülh prosesinin astanasında olan Azərbaycanı yolundan döndərmək, Cənubi Qafqazı yenidən münaqişə ocağına çevirməkdir. Lakin unutduqları bir nüans var, biz haqq savaşı aparırıq və proseslərdə söz sahibi olan tərəfik. Azərbaycan öz maraqlarını qoruyur və bu cür qətnamələr, saxta hesabatlardan çəkinib mövqeyindən geri dönməyəcək.
Ermənistan dövləti isə istər-istəməz sülh müqaviləsini imzalamağa məcbur qalacaq.
Qeyd edək ki, Avropa Parlamenti növbəti dəfə Azərbaycanda insan hüquqlarının pozulması hallarını pisləyən qətnamə qəbul edib. AP-nin Azərbaycana qarşı qəbul etdiyi bu qətnamənin beynəlxalq hüquq normalarına zidd, obyektivlikdən uzaq və birtərəfli addım olduğu isə heç kəsdə şübhə doğurmur.
Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, Avropa Parlamentinin qəbul etdiyi qətnamələr ölkəmizə qarşı yönəldilmiş məkrli niyyətlərin yeni nümunəsidir. Bu barədə “Sherg.az"a açıqlama verən deputat qeyd edib ki, Avropa Parlamenti birinci dəfə deyil ki, Azərbaycana qarşı qətnamə adlandırdıqları kağız parçası qəbul edir:
“Avropanın ali qanunverici qurumunda heç bir əsasa söykənməyən, daxili mülahizələrdən, qərəzli münasibətdən çıxış edən müəyyən qrupun hazırladığı belə qətnamələrin qəbulu adi hal alıb. Azərbaycanın əldə etdiyi uğurlar, o cümlədən 44 günlük Vətən müharibəsindəki tarixi Zəfər düşmənlərimizi və onların xarici havadarlarını yasa qərq edib. Buna görə də hər fürsətdə Azərbaycana qarşı addıma, müxtəlif çirkin vasitələrə əl atırlar.
Ölkəmizə qarşı məkrli, yaramaz fəaliyyətdə olan ayrı-ayrı qrupların, dairələrin maraqları, düşüncələri bu qətnamədə bir yerə cəm edilib ki, bu da dövlətimizin beynəlxalq aləmdəki nüfuzuna, inkişafına kölgə salmaq məqsədi daşıyır.
COP29-un keçiriləcəyi gün yaxınlaşdıqca belə təhdidlərin artması, saxta məlumatların yayılması, əsassız qətnamələrin qəbul edilməsi gözləniləndir. Çünki Azərbaycana qarşı çirkin planlar bir mərkəzdə hazırlanır və Avropadan, ABŞ-dən istiqamətləndirilir. ABŞ Konqresinin dövlətimiz əleyhinə yönəldilən anti-Azərbaycan çağırışlarına tez bir zamanda Avropa İttifaqından, AŞPA-dan, Avropa Parlamentindən dəstək verilməsi, eyni mövzuların, fikirlərin meydana gəlməsi bunun əyani ifadəsidir”.
Deputat hesab edir ki, mütəmadi olaraq Azərbaycana qarşı ədalətsiz fəaliyyət sərgiləyən Avropa qurumları məqsədyönlü şəkildə ermənilərin yalanına uyaraq Azərbaycana qarşı ədalətsiz qərarlar verir, qətnamələr qəbul edirlər. Təəssüf ki, bu Parlament istər enerji təchizatı, istərsə də digər sahələrdə Azərbaycanın qitədəki rolunu görməzdən gəlir: “Əslində, belə qətnamələr Ermənistan əleyhinə qəbul edilməlidir. Düşmən tərəfindən son 30 ildə Qarabağda necə vandalizmin törədildiyinin şahidiyik və dağıdılmış yaşayış məntəqələri, məscidlər, qəbirlər buna sübutdur. Ermənilər hətta azərbaycanlıların qəbirlərini qazaraq sümüklərini çıxarıb təhqir ediblər. Əslində, belə bir qətnamə Ermənistana qarşı qəbul edilməlidir. Qərbin, Fransanın, Ermənistanın və erməni lobbisinin bilavasitə sifarişi ilə hazırlanmış və yalan məlumatlara, uydurmalara əsaslanan bu qətnamə çirkin məqsədlərin, məkrli planların bəhrəsi olmaqla, beynəlxalq normaların, bəşəri dəyərlərin və prinsiplərin, haqq-ədalət, insanlıq anlayışlarının, demokratik ənənələrin üzərindən xətt çəkərək, həqiqətləri inkar etməklə şəxsi mənafelərə, rüşvətə, dönüklüyə, saxtakarlığa hesablanıb və Avropa üçün yaxşı heç nə vəd etmir. Bu qətnamə Azərbaycan həqiqətlərinə, sürətli inkişafımıza, beynəlxalq aləmdə qazanılan uğurlarımıza, müstəqil siyasət kursumuza kölgə salmaq cəhdidir. Çünki Azərbaycanın müstəqil siyasət yürütməsini, böyük dövlətlərin diktəsinə əhəmiyyət vermədiyini, demokratiya, haqq-ədalət yolunu tutmasını və öz sözünü deməsini istəməyən ölkələr, dairələr, təşkilatlar var. Avropa Parlamenti bu sırada birincilərdəndir və mənfur məqsədlərə xidmət etdiyini, Azərbaycana düşmən kəsildiyini qəbul etdiyi saxta qətnamələrlə nümayiş etdirir. Ancaq bu kimi hallar, saxta qətnamələr, qərarlar Azərbaycanı öz yolundan döndərə bilməz. Dövlətimizlə təzyiq və ultimatum dilində danışmaq olmaz, çünki Azərbaycan güclü, iradəli, uzaqgörən rəhbərə, qüdrətli orduya və sədaqətli xalqa malikdir. Bunu düşmənlərimiz, pula satılan siyasətçilər, haqq-ədalətə dönük çıxan dövlətlər bir daha anlamalı və ciddi düşünməlidirlər”.