İrəvan qəm içində, Bakı isə sevinir - Markedonov

Dəməşqin və Suriyada Bəşər Əsəd rejiminin süqutu, şübhəsiz ki, 2024-cü ildə Yaxın Şərqdə əsas hadisələrdən biri kimi qiymətləndiriləcək. Təxminən 7 il davam edən status-kvo (əgər “Astana formatı” adlanan prosesi başlanğıc nöqtəsi kimi qəbul etsək) çökdü. Mütəxəssislər hələ də Suriya münaqişəsi sahəsinin köklü şəkildə yenidən formatlaşdırılmasının mümkün nəticələrini emosiyalar olmadan düzgün qiymətləndirə bilməyiblər.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markedonov Suriyada Əsəd rejiminin devrilməsi haqda qeyd edib.

“Lakin artıq aydındır: bu Yaxın Şərq ölkəsində baş verən hadisələr təkcə Livan, İsrail, Türkiyə və ya İordaniyada deyil, həm də Cənubi Qafqaz dövlətlərində maraqla izlənilir.

2020-ci ildə ikinci Qarabağ kampaniyasının başlaması ilə akademik Vitali Naumkin haqlı olaraq “Cənubi Qafqaz və Levant (Aralıq dənizinin şərqindən Mesopotamiyaya qədər uzanan tarixi ərazinin bəzi qaynaqlardakı adı – red.) arasında sıx əlaqəni” qeyd etmişdi. Bu, daha əvvəl ortaya çıxmağa başladı və o vaxtdan bəri, yəqin ki, yalnız güclənib.

Ermənistan Suriya dinamikasını xüsusi narahatlıqla izləyir. Bunun üçün bir neçə vacib səbəb var. Hələ Suriyada vətəndaş müharibəsinin ilk illərində Ermənistan xeyli sayda (respublikanın miqyasına görə) əsasən Hələbdən olan erməni qaçqını qəbul etmişdi. Müxtəlif hesablamalara görə, onların sayı 17-20 min nəfər idi.

İkincisi, Qarabağda məğlubiyyət və bu bölgənin itirilməsi Zəngəzur dəhlizi ətrafında gedən müzakirələrlə birləşəndə neqativ təəssüratı dərinləşdirir. Türkiyənin Yaxın Şərqdə güclənməsi əlavə risk kimi qəbul edilir - xüsusilə də Moskva ilə münasibətlərin soyuması fonunda Qərbin Ankaranı cilovlamağa hazır olmaması və üstəlik, Rusiya Federasiyası ilə Azərbaycan arasında yaxınlaşma fonunda.

Azərbaycanda isə əksinə, Türkiyənin güclənməsi müsbət hal kimi qəbul edilir. Ancaq burada müəyyən qeyd-şərtlər var. Rəsmi orqanlar təmkinli davranırlar. Onlar Ankara ilə strateji müttəfiqlik və Bakının mühüm silah tədarükçüsü olan İsraillə inkişaf etmiş tərəfdaşlıq arasında tarazlıq yaradırlar. Azərbaycan dünyanın istənilən yerində strateji müttəfiqinin güclənməsini özü üçün xeyirli hesab edir. Amma eyni zamanda, Ankara ilə “beynəlxalq cihadçılar”ın müxtəlif nümayəndələrinin (hətta situativ və taktiki) sıx yaxınlaşması Bakıda narahatlıqla qarşılanır. Ölkə şiələr və sünnilər arasında demək olar ki, yarıya bölünüb, kövrək islamdaxili tarazlığın hər hansı pozulması böyük riskdir və Suriyada “siyasi islamlaşma” belə təhlükələri artırır (Azərbaycanda şiə və sünni nisbəti yarıbayarı deyil, 90-nın 10-adır və ümumiyyətlə, məzhəb ayrı-seçkiliyi tamamilə yoxdur – red.).

İlk baxışda Gürcüstan Suriyadakı hadisələrdən daha uzaq məsafədədir. Amma yaxından araşdırdıqda Pankisidən olan insanların Suriyadakı müharibədə fəal iştirakını da xatırlaya bilərik. Sadəcə olaraq Tarxan Batiraşvili (Umar/Ömır əş-Şişani, İŞİD-in “müdafiə naziri” olub) və ya Müslüm Marqoşvilinin ("Cunud əş-Şam” ekstremist hərəkatının banisi) fəaliyyətinə baxın. Zaman-zaman ölkə Suriya təcrübəsi olan radikal cihadçıların (məsələn, Əhməd Çatayev) hücumlarına məruz qalıb.

Beləliklə, Suriyada baş verən inqilabi dəyişikliklər Qafqazda diqqətlə öyrənilir. Biz hələ Türkiyə ilə Rusiya, Tehran və Ankara və bunların hamısının birlikdə və ayrı-ayrılıqda Qərblə münasibətlərindəki çətinliklərdən danışmırıq”, - deyə Markedonov yazıb.