Azərbaycanın AQEM-də sədrliyinin prioritetləri açıqlanıb - YENİLƏNİB

Xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Nazirlər Şurasının 7-ci iclasında çıxış edib.
APA xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” platformasında paylaşım edilib.

Nazir Azərbaycanın AQEM-ə sədrliyində xüsusilə əlaqə, rəqəmsallaşdırma, eləcə də Asiyada davamlı inkişaf sahələrində prioritetlərindən danışıb.

Bildirilib ki, AQEM-in institusionallaşdırılması, o cümlədən onun tamhüquqlu beynəlxalq təşkilat kimi institusional və maliyyə potensialının gücləndirilməsi Azərbaycanın sədrliyinin prioritetləri sırasında olacaq.

“Azərbaycanın sədrliyi həmçinin inklüziv regional platforma kimi qlobal mövqeyini artırmaq üçün AQEM-in digər beynəlxalq və regional təşkilatlarla tərəfdaşlıqlarını genişləndirməyə diqqət yetirəcək”, - qeyd edilib.

***
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Nazirlər Şurasının 7-ci iclas onlayn formatda fəaliyyətə başlayıb.
APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X’ hesabında paylaşım edilib.
“Xarici işlər naziri Ceyhun Bayramov bir sıra mühüm qərarların, o cümlədən Azərbaycanın AQEM-ə sədrliyinin qəbulunun baş tutacağı Nazirlər Şurasında iştirak edir”, - məlumatda qeyd edilib.