Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidentinə başsağlığı verib

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması və 38 nəfərin həyatını itirməsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

APA xəbər verir ki, Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevə ünvanlandığı məktubda təyyarə qəzası ilə xəbəri böyük kədərlə öyrəndiyini bildirib.

Dövlətimizin başçısına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verən və həmrəyliyini ifadə edən Almaniya Prezidenti bu ağır vaxtlarda fikirlərinin ailə üzvlərini və dostlarını itirənlərlə olduğunu qeyd edib.

O, yaralananların tezliklə və tam şəkildə sağalmalarını arzulayıb, bu faciənin araşdırılmasında sürətli irəliləyişə nail olunacağına ümid etdiyini vurğulayıb.